Ukraynanın mərkəzə yaxın şəhərlərindən olan İrpendə bir sıra əsas obyektlər tanınmış azərbaycanlı oftalmoloq, akademik Zərifə xanım Əliyevanın adını daşıyır.
Bunlardan biri olan 12 saylı linqivistik orta ümumtəhsil məktəbi 7 ilə yaxındır akademik Zərifə Əliyeva adına tədris ocağıdır.

Paytaxt Kiyevdən cəmi 30 kilometrlik məsafədə yerləşən İrpen şəhər akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbində əksər Avropa xalqlarının dilləri, fars, ərəb, yapon və o cümlədən Azərbaycan dilində tədris aparılır. 2015-ci ildən azərbaycanlı akademikin adını daşıyan təhsil ocağı bu baxımdan I dərəcəli linqvistik məktəb adlanır. 2400 şagirdin təhsil aldığı məktəbdə yerli ukraynalılar ilə yanaşı burada daimi və müvəqqəti yaşayan müxtəlif millətlərdən olan uşaqlar da təhsil alır. Təhsil ocağında müxtəlif ənənəvi günlərdə Ukraynadakı müxtəlif ölkələrin diplomatları, müxtəlif xalqların diaspor nümayəndələri vaxtaşırı qonaq olurlar, məktəbin nəzdində yaradılan Zərifə xanımın adına muzeyin ziyarətçilərinə çevrilirlər. Muzeydə akademik Zərifə Əliyeva ilə yanaşı Azərbaycanın ümumilli lideri Heydər Əliyev, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə də bağlı foto arxiv və nəşrlər nümayiş olunur, Azərbaycan mədəniyyətinə aid nümunələr sərgilənir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin yanvarın 12-də Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimləri Valentina Antonenko “Dostluq” ordeni ilə, Alla Çumak və Yuliya Krılaç isə “Tərəqqi” medalı ilə təltif olunublar.