Ukrayna Daxili İşlər Nazirliyi (DİN) Dövlət Ekspertiza-Kriminalistika Mərkəzinin direktor müavini, ekspertiza xidmətinin rəhbəri Ruslan Abbasov əslən Zərdab rayonundandır.

Atası sovet dövründə ukraynalı xanımla Rusiyada tanış olub və onunla ailə qurub. Ruslan da 1983-cü ildə orada doğulub. Ailəsi 1991-ci ildə Ukraynanın Vinnitsa vilayətinə köçüb. Daha sonra onlar Jitomir vilayətinə köçüb, Ruslan burada orta məktəbi bitirib. Vinnitsada pedaqoji universitetə qəbul olub, kimya və biologiya müəllimi peşəsinə yiyələnib. Amma əmək bazarında müəllimliyə ehtiyac olmayıb. Hər şey də həyatında bundan sonra başlayır.

“Report”un Şərqi Avropa bürosu azərbaycanlı mərkəzin rəsmisi ilə görüşüb, onunla fəaliyyəti, həyat yolu barədə danışıb.

“Universiteti bitirdikdən sonra iş axtarmağa başladım. Evdə üç uşaq idik. Dolanışıq çətin idi. Ukrayna Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən sonra iş axtarmağa başladım. Arzum zabit olmaq idi. Kiyevdə Polis Akademiyasını bitirdikdən sonra Vinnitsa vilayətinin rayon milis şöbəsində əməliyyat müvəkkili kimi işə başladım. Amma bu iş ürəyimcə deyildi. 2008-ci ildə əməliyyatçı kimi DİN-in Dövlət Ekspert-Kriminalistik Mərkəzinin Vinnitsa şöbəsinə material aparmışdım. Orada rəhbərliklə görüşdüm. Mənə dedilər kimya-biologiya təhsilin var və ekspertiza mərkəzində sənə ehtiyac var. Razılaşdım. Bir neçə il orada işləyib təcrübə topladıqdan sonra məni Kiyevə hazırkı bu idarəyə göndərdirlər. Şöbə rəisi kimi, bir neçə vilayətə nəzarətçi kimi işlədikdən sonra 2022-ci ildə Respublika üzrə mərkəzin direktor müavini, ekspert xidmətinin rəhbəri vəzifəsinə keçdim.

DNT genetikasından əlavə iki istiqamətə də nəzarət edirəm. Bunlar kimyəvi araşdırmalar bazasıdır. Ukraynada DNT bazası üzrə Ali Radada qəbul olunan qanun layihəsini mən hazırlamışam. 2022-ci ildə müharibə başlayandan sonra bizim işimiz daha da artdı, məsuliyyət çoxaldı”, – R. Abbasov bildirib.

R.Abbasov deyib ki, onun işi molekulyar-genetik tədqiqatlar üzrə məhkəmə ekspertidir:

“Sadə dildə desək, DNT tədqiqatları aparırıq. Müharibədən əvvəl mən bu laboratoriyanın rəhbəri idim, bu gün artıq başqa vəzifədə bu istiqaməti koordinasiya edirəm. Konkret işimiz meyitlərin və yaxud meyit parçalarının şəxsiyyətini DNT üzrə müəyyənləşdirilməsidir. Bizim qurum Ukraynanın bütün qurumları ilə elektron əlaqəyə malik olan əsas qurumdur. Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və bütün hüquq mühafizə orqanları həm tanınmayan meyitlərin, həm də yaxın qohumlarının DNT profilini bizə göndərirlər. Müharibə dövründə bu müraciətlər kütləvi haldadır. Əsas vəzifəmiz müharibə ilə bağlı cinayətlərin sənədləşdirilməsinə yönəlib.

Biz təkcə DNT ekspertizaları aparmırıq. Xidmətimiz 77-dən çox məhkəmə ekspertizası növünü təmin edir. Cəsəddən danışırıqsa, biz DNT-ni, deyək ki, hələ çürüməyə, parçalanmağa başlamamış təzə cəsəddən müəyyən edə bilərik. Bu qan nümunəsi, saç, hər hansı bir orqan parçası nümunəsi ola bilər.

Əgər artıq meyit yoxdursa, yalnız qalıqlar, sümük qalıqları qalıbsa, biz istənilən sümük fraqmentindən, o cümlədən dişdən DNT müəyyən edə bilərik. Faktiki olaraq biz bütün hallarda buna nail oluruq. Yeganə çətinlik cəsədin yanıb, faktiki olaraq külə, ağ rəngə çevrildiyi halda yaranır.

Müharibəyə qədər 9 laboratoriyamız var idisə, bu gün onların sayı 18-ə çatıb, iki dəfə daha böyük, daha yaxşı laboratoriya otaqları yaratmışıq. Xidmətimiz tərəfindən itkin düşmüş, həlak olmuş yaxınlarını axtaran, onları, deyək ki, evdə sağ gözləyən 100 mindən çox yaxın qohumun nümunəsi tutuşdurularaq tədqiq edib”.

Onun sözlərinə görə, əsasən Xarkov, Xerson, Luqansk, Donetsk istiqamətlərindən, sərhəd bölgəsindən cəsədlər gəlir:

“Müharibənin başlanğıcından bu günə qədər bizə xeyli sayda tanınmayan cəsədlərin nümunələri gəlib. 18 mindən çox tanınmayan meyit tərəfimdən DNT metodu ilə araşdırılıb. 10 mindən çoxunun artıq uyğunluğu var, yəni şəxsiyyəti müəyyən edilib. İşimiz psixoloji olaraq da çox çətindir. Çünki insanların tanınmaz halda ölən yaxınlarını onların bədən hissəsi ilə tutuşdurub müəyyən edib onlara sübut etmək, hədsiz məsuliyyət tələb edir. Kiçik inamsızlıq, anlaşılmazlıq həyati fəsada səbəb ola bilər. Biz də buna yol verməməliyik”.

R.Abbasov Azərbaycanda cəmi bir neçə dəfə olsa da, Vətəni daim xatırlayır. Bildirib ki, hətta Ukraynada Azərbaycanın təbliği ilə də məşğuldur. Ukraynada etnik ayrı-seçkilik görmədiyini bildirib. O, hesab edir ki, insan hansı ölkədə olursa-olsun, dürüst, normal olmalıdır. Çünki sənə görə mənsub olduğun millətə və ölkəyə qiymət verə bilərlər:

“Azərbaycan müdrik insanları yetişdirən ölkədir. Burada sıx da olmasa imkan olanda tədbirlərdə Azərbaycan icması ilə rastlaşıram, söhbətləşirik”.

Onu da bildirib ki, atası evdə həmişə Azərbaycan telekanallarını izləyir. Azərbaycanlı olsam da, artıq Ukraynanın adətləri ilə qaynayıb-qarışmışam. Buna baxmayaraq azərbaycanlı qanı daşıyıram və bu, özünü daim göstərir. Azərbaycan və Ukrayna xalqı dost və bir birlərinin tarixlərini bilən xalqlardır. Bizim Azərbaycanın Qarabağ bölgəsinin işğaldan azad edilməsini yaxından izləyirlər. İndi Ukraynada baş verənləri nəzərə alsaq, Azərbaycan tarixi təcrübədir. Bəlkə də bu hal xalqları daha da yaxınlaşdırır. Düşünürəm burada Azərbaycan nümunəsindən nəsə öyrənməliyik”, – deyə R. Abbasov bildirib.

İstinadlar Report