Ucar rayonunda 13 avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.

Hadisə Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəzaya uğrayan “Mercedes”in sürücüsü “Report”a yolun qarşı tərəfində baş vermiş qəza ilə əlaqədar dayandıqlarını, bu əsnada arxadan gələn “KamAZ” markalı yük maşınının avtomobillərə çırpıldığını bildirib.

Yaralılardan bəziləri Ucar Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bundan başqa, olay yerinə Göyçay Rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası köməyə gəlib.

Qəza zamanı xəsarət alanlar – 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı Nəriman Allahverdizadə, 44 yaşlı Əlizamin Məmmədov xəstəxanaya yerləşdirilib. Hadisədə ölənlər isə aidiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Report