Arkadağ şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Davamlı İnkişaf üzrə Birinci Nazirlər Forumu keçirilib.
Azərbaycanın Türkmənistandakı səfirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanı səfir Qismət Gözəlov təmsil edib.
Bildirilib ki, forumda İranın vitse-prezidenti, Planlaşdırma və Büdcə Məsələləri Təşkilatının rəhbəri, Özbəkistan və Qazaxıstanın Baş nazirinin müavinləri, Türkmənistanın maliyyə və iqtisadiyyat naziri, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Pakistanın planlaşdırma, inkişaf və xüsusi təşəbbüslər üzrə federal naziri, Qırğızıstanın iqtisadiyyat və ticarət nazirinin müavini, Türkiyə Prezident Administrasiyasının Strateji və Büdcə Baş İdarəsinin Sektorlar və Dövlət İnvestisiyaları üzrə Baş direktoru, BMT-nin Türkmənistandakı rezident-əlaqələndiricisi, ECO-nun Baş katibi, habelə qurumun müxtəlif təsisatlarının rəhbərləri iştirak ediblər.
İki gün davam edən tədbirdə iştirakçılar çıxış edərək forumun DİM-ə nail olmaq üçün strateji platforma kimi əhəmiyyətini vurğulayıb, həmçinin regional əməkdaşlığın intensivləşdirilməsinin və ECO-ya üzv ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin zəruriliyini qeyd ediblər. Eyni zamanda, iqlim dəyişikliyi, ərzaq, enerji təhlükəsizliyi, həmçinin gender bərabərliyi və digər məsələlərin əsas olduğu bildirilərək strateji çoxtərəfli dialoqun əlaqələndirilməsi və həyata keçirilən tədbirlərin siyasi ardıcıllığı üçün ECO-dan mümkün istifadə yollarından bəhs edilib.
Forum çərçivəsində keçirilən panel iclaslarında “İqlim Dəyişikliyi və Ətraf Mühitin Davamlılığı”, “Dayanıqlı Maliyyə, İqtisadi İnkişaf və Maddi Təhlükəsizlik”, “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ailə institutlarının və əhalinin artımının rolu” və “2026-2035: İƏT Baxışı” mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.