Azərbaycanın Türkmənistandakı Səfirliyində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfirlikdən verilən məlumata görə, tədbirin açılış mərasimində hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Daha sonra Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək 106 il əvvəl müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi əhəmiyyətindən söhbət açıb.

Q.Gözəlov çıxışında Azərbaycanın böyük enerji və nəqliyyat layihələri, o cümlədən, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan enerji layihələri, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, Bakı-Tbilisi-Qars dəmiryolu, habelə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək elektrik enerjisi kimi böyük beynəlxalq layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu bildirib.

Səfir Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, ərazilərə həyata keçirilən böyük qayıdış, habelə mina təhlükəsinə toxunub. Hazırda Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərdiyini, Azərbaycanın Ermənistana hər iki ölkənin ərazi bütövlüyünü və sərhədlərini tanıyan sülh sazişi təklif etdiyini diqqətə çatdırıb. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının, həmçinin sərhədlərin delimitasıya prosesinin davam etdirildiyini bildirib. Regionda münaqişənin başa çatması ilə ilk növbədə nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının yarandığını və bu imkanların təkcə Cənubi Qafqaz üçün deyil, həm də bütün regionun maraqlarına xidmət edəcəyini deyib.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan səfir son zamanlar iki ölkə arasında ali səviyyədə həyata keçirilən səfərlərin, beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərin intensiv xarakter aldığını, bunun strateji münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verdiyini vurğulayıb. Ötən il ticarət dövriyyəsinin 75 faiz artdığını, ticarət dövriyyəsinin həcminin 800 milyon ABŞ dollarına yaxın olduğunu nəzərə çatdırıb, qarşılıqlı münasibətlərin inkişafında Birgə Hökumətlərarası Komissiyanın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan və Türkmənistanın enerji sahəsində mühüm layihələr həyata keçirdiyini, hər iki ölkədə iqlim dəyişikliyi və alternativ enerji ilə bağlı önəmli işlər görüldüyünü vurğulayan səfir 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edib. Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkənin dünya birliyi tərəfindən etibarlı tərəfdaş dövlət kimi tanınmasının əyani sübutu olduğunu vurğulayıb.

Tədbirdə Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Batır Atdayev çıxış edərək Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini çatdırıb, Azərbaycana firavanlıq və uğurlar arzulayıb. Hər iki ölkənin dövlət başçıları arasında yaranmış yüksək səviyyəli dialoqun ölkələr arasında münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb, xalqlar arasındakı qardaşlıq əlaqələrinin tarixi köklərə əsaslandığını, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələr də daxil olmaqla, müxtəlif istiqamətlərdə əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib.

Ziyafət Azərbaycan musiqisinin sədaları altında davam edib və tədbirin keçirildiyi müddətdə sinevizyon vasitəsilə ölkə ilə bağlı materiallar, habelə COP29-a dair loqolar nümayiş etdirilib. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri, şirniyyatları və içkiləri təqdim olunub.

Eyni zamanda, tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalça sənəti və turizm potensialı ilə bağlı materiallar, milli musiqi alətləri, eləcə də “Made in Azerbaijan” brendinin məhsulları nümayiş etdirilib. Həmçinin Azərbaycanın COP29-az və azerbaijan.travel saytları ilə bağlı bannerlər də sərgilənib.

Tədbirdə Türkmənistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri, əməkdaşları, eləcə də ictimaiyyət təmsilçiləri və Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

İstinadlar Report