
Qaz İxrac Edən Ölkələr Forumu (GECF) Türkmənistanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindədir.
Bu barədə qurumun saytında məlumat verilib.
Qeyd edilib ki, Türkmənistanın Qətərdəki səfirliyində səfir Mıratqeldi Seyitmammedov və Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Mohamed Hamel arasında görüş keçirilib.
Görüş zamanı Baş katib türkmənistanlı diplomata üzv ölkələr, beynəlxalq təşkilatlar və istehlakçı ölkələr arasında dialoqu və əməkdaşlığı təşviq edən beynəlxalq hökumət təşkilatı kimi GECF-in rolu haqqında ətraflı məlumat verib.
“M.Hamel onu da qeyd edib ki, zəngin təbii qaz ehtiyatlarına malik olan və əsas onun ixracatçısı olan Türkmənistan GECF-ə qoşulmağı və onun fəaliyyətində iştirak etməyi faydalı hesab edə bilər”,- məlumatda vurğulanıb.
Görüşdən sonra tərəflər Türkmənistan və GECF arasında əməkdaşlıq və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi imkanlarını araşdırmaqla bağlı niyyətlərini ifadə ediblər.
Qaz İxrac Edən Ölkələr Forumu beynəlxalq hökumətlərarası təşkilatdır. İndi onun üzvləri 13 dövlət: Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Mavritaniya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineyadır. Müşahidəçi statusuna malik ölkələr isə Anqola, Azərbaycan, İraq, Qazaxıstan, Norveç, Oman, Perudur.