
Türkiyənin xarici işlər naziri Hakan Fidan ərəb ölkələrini Suriyanın bərpası məsələlərində yardım səylərinin əlaqələndirilməsi üçün birgə mexanizm yaratmağa çağırıb.
Bu barədə o, Ər-Riyadda təşkil olunmuş Suriya üzrə görüşdə bildirib.
“Bu kritik dövrdə biz beynəlxalq ictimaiyyətin gözləntiləri ilə Suriyadakı yeni administrasiyanın üzləşdiyi reallıqlar arasında incə balansı təmin edərək, balanslaşdırıcı qüvvə kimi hərəkət etməliyik. Səylərimizin daha səmərəli olması üçün əlaqələndirmə mexanizmi və ya müvafiq komitələr yarada bilərik. Biz Suriyada sanksiyaların götürülməli olduğu prioritet sahələri müəyyən etməliyik. Həmçinin Suriyanın ərazi bütövlüyü və birliyinin qorunması əsas prioritetimiz olaraq qalmalıdır”, – nazir deyib.