Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Baş naziri Əli Əsədovu təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli Baş nazir, əziz qardaşım, 2024-cü il 7 fevral tarixində Azərbaycanda keçirilmiş Prezident seçkilərindən sonra yenidən Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Cənab Prezident İlham Əliyevin seçkilərdə ölkə tarixində ən yüksək səs göstəricisinə nail olduğu tarixi qələbəsinin qardaş Azərbaycan xalqı, ölkələrimiz arasındakı münasibətlər və bütün regionumuz üçün faydalı olmasını arzu edirəm.

Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfə keçirilən bu seçkinin tarixi əhəmiyyəti var.

Qarşıdan gələn yeni dövrdə onsuz da mükəmməl səviyyədə olan güclü əməkdaşlığımızı və əlaqələrimizi daha da möhkəmləndirərək hər zaman olduğundan daha yüksək səviyyələrə çatdıracağımıza inanıram.

Fürsətdən istifadə edərək 2023-cü il 20 dekabr tarixində olkənizə səfərim zamanı göstərdiyiniz yüksək ev sahibliyi və qonaqpərvərliyə görə sizə bir daha təşəkkür etmək istəyirəm.

Digər tərəfdən, qarşıdakı dövrdə təşkil edəcəyimiz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı Sizi ölkəmizdə qonaq etməkdən duyacağım məmnunluq hissini də qeyd etmək istəyirəm.

Bu imkandan istifadə edib zati-alinizin sədrlik etdiyi hökumətinizə uğurlar arzulayır, Sizə cansağlığı, xoşbəxtlik və can Azərbaycan xalqının rifahı üçün bir daha ən xoş arzularımı bildirirəm.