Türkiyənin Azərbaycan əsilli keçmiş dövlət xadimi, ədəbiyyatçısı – nüfuzlu şair və yazıçı, tanınmış jurnalist Yavuz Bülent Bakiler xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 86 yaşlı ədib Okmeydanı Memorial Xəstəxanasında müalicə alır.

Keçmişdə Baş nazirlikdə müşavir vəzifəsini də icra edən Bakiler 2013-cü ildə Türkiyə qəzetindən ayrılıb.

Yavuz Bülənt Bakilər 23 aprel 1936-cı ildə Sivasda anadan olda da, əslən azərbaycanlıdır. Onun babaları Qarabağdan Sivasa köçüblər.

Yavuz Bülənt Bakilər orta təhsilini Sivas, Qaziantep və Malatyada alıb. 1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra qısa müddət “Yeni İstanbul” qəzetində çalışıb.

Yavuz Bülənt Bakilər TRT-nin Ankara radiosunda müxbir vəzifəsində çalışıb, müxtəlif mədəniyyət proqramları hazırlayıb təqdim edib. 1969-75-ci illərdə Sivasda vəkil işləyib. Sivasda sədri olduğu Ədalət Partiyasından bələdiyyə sədrliyinə və deputatlığa namizədliyi irəli sürülüb.

1975-1976-cı illərdə Baş Nazirliyin Torpaq və Kənd Təsərrüfatı İslahatı Müşavirliyində hüquq müşaviri, 1976-1979-cu illərdə Ankara Televiziyasında işləyib, 1979-1980-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi müşaviri müavini vəzifəsinə təyin edilib.

O, dövlət çevrilişindən sonra məşvərətçi təyin olunub və 1992-ci ilə qədər həmin nazirlikdə xidmətini davam etdirib. İki il Baş nazirin müşaviri vəzifəsində çalışdıqdan sonra 1994-cü ildə təqaüdə çıxıb.

Yavuz Bülənt Bakilər dəfələrlə müsahibələrində Azərbaycan əsilli olduğunu, soykökünün Azərbaycana gedib çıxdığını vurğulayıb.

“Mənim soy-köküm, ailəm 150-200 il bundan əvvəl Azərbaycana gedib çıxır”, – Yavuz Bülənt Bakilər müsahibələrindən birində qeyd edib.

Qeyd edək ki, onun məşhur şeirlərindən biri “Azərbaycan ürəyimdə şah damardır” adlanır.

O, sonuncu dəfə 2013-cü ildə “Türkiyə” qəzetində işləyib.

İstinadlar Report