Birinci Qarabağ müharibəsi zamanı Türkiyənin Üsküdar rayonuna köçən “Foto Gül” ləqəbli Təzəgül Əyilməz burada 25 ildir fotoqraflıqla məşğul olur.

“Foto Gül” adlı foto atelyenin 60 yaşlı sahibi yerli mətbuatın diqqətini cəlb edib.

Təzəgül Əyilməz “Anadolu”ya müsahibəsində yaşadığı həyat çətinliklərindən danışıb.

1962-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olan Təzəgül Əyilməz uşaqlıq, orta təhsil illərinin SSRİ dövründə keçdiyini xatırlayıb: “Sonra ailə qurdum, övladlarım dünyaya gəldi, 1990-cı illərdə Qarabağ müharibəsinə qədər normal həyat sürdük”.

Müharibə illərində çox çətinlik çəkdiyini deyən Təzəgül Əyilməz həmin vaxtlar maddi vəziyyətinin ağır olduğunu bu səbəbdən 1994-cü ildə Türkiyəyə gəlməyə qərar verdiyini bildirib: “Quru çörəkləri isladıb yedim, heç kimdən pul istəmədim. Bir həftə küçədə yatdım, heç kimim yox idi, daimi iş axtarırdım”.

Sonralar Ataşehirdəki restorana iş üçün müraciət etdiyini söyləyən Təzəgül Əyilməz həyat yolunun fotoqraf peşəsi ilə necə kəsişməsindən bəhs edib.

Qayışdağı yaxınlığında fasiləsiz işləyən restorana iş üçün müraciət edən qadın orada qabyuyan işləməyə başlayır. Qalmağa yeri olmadığı üçün gecələr restoranda yatır. Bir müddət sonra yerli sakinlərdən biri tərəfindən iş təklifini alan Təzəgül Əyilməz bankda işə düzəlmək üçün şəkil çəkdirdikdə tanış olduğu Abdin adlı yerli sakindən fotoqraf peşəsinin sirlərini öyrənir.

Əyilməz xüsusən hicablı qızların onun atelyesinə gəlib fotolarını çəkdirdiklərini deyib: “Bundan sonra “Foto Burak” bağlandı, “Foto Gül” adlı yerə köçdüm, tək işləməyə davam edirəm. Çalışıram ki, imkanım daxilində hamıya kömək edim”.

Təzəgül Əyilməz karyerasına ilk dəfə analoq kameralarla başladığını və qaranlıq otaqda montaj etdiyini əlavə edib: “Sonradan texnologiya inkişaf etdi, rəqəmsal kameralar gəldi. Əvvəllər onlara öyrənməkdə çətinlik çəkdim, amma sonradan buna nail oldum. Köhnə qaranlıq otaqlarda retuş (Fotoqrafiyada şəkilləri çap etmədən əvvəl şüşə və s. üzərində düzəltmə işi, üsulu – red) etməyi bacardığım üçün fotoşopu asanlıqla öyrəndim. Çox müdaxilə etmək düzgün deyil, fotoqrafiyada əsas məsələ təbii görüntünün olmasıdır”.

İstinadlar Report