Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi bu ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana xarici səfərlərdə Azərbaycanla bağlı edilən xahişlərdən danışıb.

Vahit Kirişçi Prezident Ərdoğanı səfərlərində müşayiət etdiyini söyləyərək bir sıra dövlətlərin rəsmilərinin onlara öz ölkələri ilə bağlı xahişlərindən danışıb: “Bizə Putin və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, təbii qazımızı kəsməsinlər, kəssələr, donarıq. Azərbaycan sizin dostunuz və qardaşınızdır, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar – deyirlər”.

O, Türkiyə hakimiyyətinin 2002-ci ildən müdafiə sənayesinə böyük əhəmiyyət verdiyini vurğulayıb: “Müdafiə sənayesinə verdiyimiz önəm sayəsində bu gün yerli istehsalı yüzdə 80 faizə çatdırmışıq, cəmi 20 faizi qalıb. Hər kəs indi özümüzün döyüş təyyarəmizin nə vaxt uçuş zolağından qalxacağını və ya enəcəyini gözləyir, çünki dünyada İHA və SİHA (silahlı və silahsız pilotsuz uçuş aparatları-red) istehsal edən bir neçə ölkədən birinə çevrilmişik”.