Türkiyəli iş adamını yaralayıb, 70 min manat pulunu apardılar
Hadisə ötən gün saat 23 radələrində Şirvan şəhərində qeydə alınıb.“Galaksi” şirkətinin rəhbəri olan Türkiyə vətəndaşı, 57 yaşlı Sedrettin Akkurt “TAYOTA” markalı avtomobili idarə edərkən quldur basqınına məruz qalıb. Belə ki, o, avtomobillə hərəkətdə olan zaman qarşısında velioedçinin yıxıldığını görüb avtomobili saxlayaraq ona kömək etmək istəyən zaman arxadan onun başına küt alətlə bir neçə dəfə zərbə endirilib və o, hüşunu itirərək yerə yıxılıb. Bu zaman ona hücum edən şəxs və ya şəxslər avtomobili qaçırıblar. Sedrettin Akkurt ağır vəziyyətdə Şirvan xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə kəllə-beyin travması diaqnozu ilə yerləşdirilən iş adamının başına çoxsaylı tikişlər qoyulub. Faktla bağlı polisə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri ilə bir müddət sonra avtomobil Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yolun kənarında qəzaya uğramış vəziyyətdə tapılıb. Axtarış zamanı avtomobildə olan 70 min manat pulun yoxa çıxdığı məlum olub. Hazırda Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədənlərin tutlması istiqamətində əməliyyata-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı cinayət işi başlanıb.