Türkiyədən peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəldi – Video

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoterapevtik müalicəsinin təşkili məqsədilə 20 yanvar 2021-ci il tarixində Türkiyədən dəvət olunmuş mütəxəssislər ölkəmizə gəlib.
Bu Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan FHN-in dəvəti ilə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində psixi problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olacaqlar.
Eyni zaqmanda qazilərin, şəhid ailəsi üzvlərinin, terror aktlarından fiziki-mənəvi zərər görmüş insanların psixoterapevtik müalicəsinin təşkili məqsədilə həmin mütəxəssislərin Fövqəladə Hallar Nazirliyinin psixoloq-mütəxəssisləri ilə birgə fəaliyyət göstərməsi, həmçinin təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.
Vətəndaşlar FHN-in “112” qaynar telefon xəttinə zəng edərək mütəxəssislərlə görüş vaxtını təyin edib, ödənişsiz şəkildə müvafiq psixoterapevtik yardım ala bilərlər.
Mübariz Mənsimov bir ildən sonra evində… – Video

Ötən gün məhkəmənin qərarına əsasən, 5 il müddətinə şərti cəza alaraq azadlığa çıxan azərbaycanlı iş adamı Mübariz Mənsimov artıq evindədir.
Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Mənsimov evinə gələrək 1 ildən sonra ailə üzvləri ilə görüşüb.
Qeyd edək ki, “Palmali”nin prezidenti ötən ilin martında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılmışdı.
Mübariz Mənsimovun azadlıqdan ilk – Videosu

Xəbər verdiyimiz kimi, bu gün İstanbul Ədalət Sarayında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.
Məhkəmənin qərarına əsasən, Mübariz Mənsimov 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Mənsimovun azadlıqdan ilk videosunu təqdim edirik:
“Azəriqaz” qazilərin müraciətinə biganə qalmadı – Video

Ötən il dekabrın 15-dən 2021-ci il fevral ayının sonunadək 1-ci Qarabağ və Vətən Müharibəsinin iştirakşısı olan qazilərin, şəhid ailələrinin “Azəriqaz” İstehsalat Birliyinə 31 müraciəti daxil olub.
Qurumdan “Qafqazinfo”ya bildirilib ki, Regional qaz istismarı İdarələri də səkkiz bölgə üzrə onlarla eyni təbəqədən olan insanların müraciətlərinin icrasını tənzimləməkdədir.
Müraciət edənlərdən Elgün Muradov və atası Nəriman Muradov torpaqlarımızın azadlığı uğrunda döyüşən cəsur döyüşçülər olublar. Oğul 2020-ci il sentyabrın 27-də başlanılan Vətən Müharibəsinin, ata isə 1-ci Qarabağ Müharibənin iştirakçısı olub.
Elgün Muradov Vətən Müharibəsində Qubadlı, Zəngilan, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında şücaət göstərib. Onun atası Nəriman Muradov isə 1-ci Qarabağ Müharibəsində 1992-ci ildə Ağdərə, Tərtər, Qırmızıkənd istiqamətində döyüşüb.
Onlar Abşeron rayonu, Yeni Mehdiabad yaşayış massivindəki fərdi yaşayış evlərində təbii qazın olmadığı barədə “Azəriqaz” İB-yə müraciət ediblər.
Qısa müddət ərzində sözügedən yerdə qazlaşdırma işləri həyata keçirilib.
Daha ərtaflı video materialdan izləyə bilərsiniz:
Dostunun oğurluq təcrübəsindən yararlandı – Video

Binəqədi rayonunda daha bir “E-manat” ödəmə terminalını oğurlayan şəxslər saxlanılıblar.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3510 manat olan “E-manat” ödəmə terminalı, habelə obyektin kassından 306 manat naməlum şəxslər tərəfindən oğurlanıb. Ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramin Mahmudov və Rəvan Hümbətov saxlanılıblar.
Onların marketdən ödəmə terminalını oğurlamağa getmə anları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.
R.Mahmudov ifadəsində deyib ki, dostu Rəvan ona zəng edib əvvəllər bankomatdan oğurluğa görə tutulduğunu xatırladaraq, onun ödəmə terminalını oğğurlamaqda təcrübəsi olduğunu deyərək kömək istəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ağdamın Tağıbəyli kəndi – VİDEO

Müdafiə Nazirliyi Ağdam rayonunun Tağıbəyli kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir:
Ramiz Mehdiyev qurultaydan danışdı – Video

Bu gün YAP-ın İdarə Heyəti üzvlüyündən çıxarılaraq Veteranlar Şurasının üzvü seçilən AMEA prezidenti Ramiz Mehdiyev partiyanın qurultayından sonra jurnalistlərə açıqlama verib.
R.Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışı çox böyük təəssürat yaradıb: “Mən də qurultayda iştirak elədim. Həmişə olduğu kimi cənab Prezident çox konseptual, çox ağıllı, uzaqgörən çıxışı ilə bütün məsələləri əhatə etdi. Mən özüm qurultayın gedişindən çox razı qaldım. Cənab Prezidentin çıxışından sonra deputatların çıxışları oldu. O çıxışlar da çox yaxşı, məzmunlu, ölkədə gedən proseslərə tamamilə düzgün qiymət verilmiş səpkidə idi”.
R.Mehdiyev bildirib ki, hazırda 5-ci kalon məsələsi ortalığa atılıb: “Həm də burada cənab Prezidentə sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə də, indi də işləyənlərin arasında cənab Prezidentə sadiq olmayan məmurlar tanımıram. Biz Heydər Əliyev-İlham Əliyev dəyərlərinə tamamilə sadiqik. Belə də olmalıdır, çünki Azərbaycanın gələcəyi bu yöndədir”.
R.Mehdiyev qeyd edib ki, İdarə Heyətinə seçilən şəxslər arasında tanıdığı və tanımadığı şəxslər də var: “Mən Ağsaqqallar Şurasının üzvü seçildim”.
İsrailli qadın vəfat etmiş ərinin gözlərini qazi Arifə verib – Video

İki gün əvvəl Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində əməliyyat olunan Vətən müharibəsi qazisi Arif Hacıyevə israilli qadın vəfat etmiş 55 yaşlı həyat yoldaşının gözünü bağışlayıb.
Bu israilli həkim Yişay Falik məlumat verib. O qeyd edib ki, qazinin gözünün içərisinə okulyar linza yerləşdirilib və həmin donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb. Bir gözünün görmə qabiliyyəti tamamilə itən qazi üzərində keçirilən uğurlu əməliyyatdan sonra həmin gözün görmə qabiliyyəti bərpa edilib:
“Bu o deməkdir ki, transplantasiya olunmuş göz bəbəyi sayəsində qazinin gözü hazırda 20 faiz görə bilir. Mən deyərdim ki, o gözlə sükan arxasında oturub maşın da idarə etmək olar. Qazinin sağalma prosesi getdikcə daha da yaxşılaşacaq”, – deyə Y. Falik bildirib.
Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı Arif Hacıyev müharibə zamanı aldığı zədədən huşunu itirib, eyni zamanda sağ gözündən yaralanıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib. Bir həftə ərzində ölkədə olacaq oftalmoloqlar indiyə qədər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28 nəfərinə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.
Şəhid məzarlarının çələnglərinin sökülməsi ilə bağlı açıqlama – Video

Sosial şəbəkələrdə Gəncə şəhərinin Şəhidlər Xiyabanında şəhid məzarları üzərində olan gül çələngləri, bayraq və bəzəklərin sökülməsiylə bağlı görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, kiçik bayraq və gül çələngləri yaxınlıqdakı zibil qutusuna atılıb. Şəhidlərin yaxınları bu vəziyyətə narazılıq edib, bu addımın onlardan xəbərsiz atıldığını bildiriblər.
“Qafqazinfo” məsələ ilə bağlı Nizami Rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədovla əlaqə saxlayıb. O, məzarlardan qurumuş gül çələnglərinin yeniləri ilə əvəzlənməsi üçün uzaqlaşdırıldığını bildirib.
“Qəbiristanlığın işçiləri tərəfindən bir neçə gündür ki, məzarlar qurumuş çələnglərdən təmizlənir. Çünki çələnglər quruyub, külək də onları aşırıb ora-bura atır. Bu gün də qara bayram olduğuna görə bələdiyyə tərəfindən bütün məzarların üstü təmizlənib. Biz gül mağazaları ilə danışmışıq, hamısını bəzəyəcəyik. İki gündür orada iş gedir”.
Bayraqların zibilliyə atılması ilə bağlı sualımıza gəlincə isə, Q. Məmmədov bildirdi ki, yerə atılanlar qurumuş çələnglərin üzərində olan bayraq şəkilli lentlərdir.
Bələdiyyə sədrinin sözlərinə görə, əslində onlar yerə atılmayıb, sadəcə bir yerə toplanıb və maşın gələndən sonra götürüləcək.
Gülnar Əliyeva
Erməni vandalları Füzulinin bu kəndini də xarabaya çevirib – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Füzuli rayonunun Yuxarı Rəfədinli kəndinin videogörüntülərini yayıb.
“Report” həmin görüntüləri təqdim edir:
Zəngilanın Keçikli kəndi – VİDEO

Müdafiə Nazirliyi Zəngilan rayonunun Keçikli kəndindən videogörüntülər paylaşıb.
“Report” həmin görüntüləri təqdim edir:
Türkiyə ilə Azərbaycanı birləşdirən “Qardaşlıq dastanı” – Video

Türkiyə ilə Azərbaycanı birləşdirən daha bir layihənin – “Qardaşlıq dastanı” müziklının hazırlıq mərhələsi başa çatmaq üzrədir.
Bu barədə layihənin müəllifi Serhat Turak “Haber global”a müsahibəsində bildirib. Onun sözlərinə görə, “Bir millət, iki dövlət” müziklı iki ölkənin ortaq tarixini, mədəniyyətini, mübarizəsini özündə əks etdirən qardaşlıq dastanı olacaq.
“Bu müzikl Türkiyə və Azərbaycanın keçmişdən bu günə qədər ən önəmli tarixi hadisələrini özündə əks etdirəcək. Məhmət Akif Ərsoydan Əhməd Cavada, Mövlanadan Nizami Gəncəviyə, tarixin ilk türk qadın hökmdarı Tomrisdən Sara xatuna qədər bütün şəxsiyyətlərdən bəhs ediləcək. Müziklda hər iki ölkədən 100 nəfərə qədər sənətçi səhnəyə çıxacaq. 8 noyabr Şuşanın işğaldan azad edildiyi gündür. Bu layihəni də qismət olarsa, həmin tarixdə Qarabağın mədəniyyət beşiyi olan Şuşada təqdim etməyi planlaşdırırıq. Türkiyə və Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə və Avropada da müzikli təqdim etməyi düşünürəm. Rəqs, teatr hesabına iki ölkənin qardaşlığının hansı səviyyədə olduğunu göstərəcəyik. Demək olar ki, 5 ildir bunun üzərində çalışıram. Dünyada bənzəri olmayan bir müzikldır. Burda hər şey ən xırda detalına qədər düşünülüb”.
“O gözlə sükana oturub maşın sürmək də olar” – Video

“Dünən sağ gözümdən əməliyyat olundum və əməliyyat çox uğurla keçdi. Gözümün alt qapağı yox idi, ona dəri köçürüldü və gələcəkdə gözümə protez qoyulacaq. Dövlətimiz sağ olsun ki, bizə diqqət göstərir, əməliyyatımız üçün xarici ölkələrdən həkimlər gətirilir. Hər kəsə təşəkkürümü bildirirəm”.
Bunu jurnalistlərə açıqlamasında “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə gələn oftalmoloqlar tərəfindən əməliyyat olunmuş Vətən müharibəsi qazisi Sərxan Nərimanlı bildirib.
Döyüş yolu Füzulidən başlanan qazi Qubadlı, Cəbrayıl, Xocavənd istiqamətində qəhrəmancasına vuruşub. Oktyabrın 26-da gözündən, qolundan, ayağından və başından yaralanıb. O, ötən gün keçirilən əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini deyir.
Gözünün içərisinə okulyar linza yerləşdirilən və israilli donordan göz bəbəyi transplantasiya edilmiş digər qazi Arif Hacıyev də artıq görməyə başlayıb. Qazimiz yavaş-yavaş sağlamlığına qovuşduğunu deyir:
“Mən Bakı şəhərində anadan olmuşam, amma əslən Füzuli rayonundanam. Elə qismət oldu ki, səfərbərlik elan olunandan Füzuli istiqamətində döyüşlərə qatıldım. Bütün əməliyyatlara komandamızla birgə can-başla qoşulduq. Oktyabrın 21-i əks-hücumun qarşısını alarkən döyüş yoldaşlarımla bir yerdə minomyot atəşi nəticəsində qolumdan, gözümdən və bəzi nahiyələrimdən yaralandım. Artıq əməliyyat olunmuşam, şükürlər olsun ki, yavaş-yavaş sağalıram. Buna görə dövlət başçısına, “YAŞAT” Fonduna və fondun reallaşmasında yardımçı olan xalqımıza öz minnətdarlığımı bildirirəm”.
Qazi deyir ki, gözünün buynuz qişasında problem və katarakta olub. Lakin göz dibinin sağlam olması nəticəsində əməliyyatdan sonra görməsinin müəyyən hissəsi bərpa olunub və getdikcə daha da yaxşılaşacaq.
Qazilərimizi əməliyyat edən israilli həkim Yişay Falik Azərbaycanda olmaqdan şad olduğunu və humanitar tibbi yardım çərçivəsində onlara dəstək olmağa çalışdıqlarını dilə gətirib:
“Biz 8 nəfərlik tibbi heyət və yerli həkimlərin dəstəyilə qazilərin müayinə və əməliyyatını həyata keçiririk. Qısa müddət ərzində bir çox qazini müayinədən keçirmişik. Onların əksəriyyəti artıq kosmetik protezlərlə təmin olunublar. Həmin protezlər öncədən parametrləri nəzərə alınaraq məxsusi olaraq onlar üçün İsraildə hazırlanıb. Həmçninin müəyyən sahələr üzrə göz əməliyyatları icra olunur. Arif adlı qaziyə kornea əməliyyatı baş tutub. Bu o deməkdir ki, transplantasiya olunmuş göz bəbəyi sayəsində o şəxsin gözü hazırda 20 faiz görə bilir. Mən deyərdim ki, o gözlə sükan arxasında oturub maşın da idarə etmək olar. Dünən bizim çox ağır bir əməliyyatımız baş tutdu. Həmin əməliyyatın müddəti 4,5 saat çəkdi. Hazırda da əməliyyatlar davam edir, qazilərə protezlər yerləşdirilir. Həmin şəxslər qısa müddətdə öz sağlamlıqlarına qovuşacaqlar”.
İsrailli həkimlərə yerli tibb personalı da qoşulub. Milli Oftalmologiya Mərkəzinin Oftalmo-onkologiya şöbəsinin müdiri Ruhəngiz Balayevanın sözlərinə görə, mərkəzdə çalışan tibb personalı gücləndirilmiş iş rejimində çalışır:
“Fevralın 28-dən etibarən İsraildən həkimlər dövlətimizin və “YAŞAT” Fondunun təşəbbüsü ilə bizim mərkəzə təşrif buyurublar. Məqsəd 44 günlük müharibədə gözündən zədə almış qazilərimizin müayinə və müalicəsinini həyata keçirməkdir. Mərkəzdə bunun üçün hər bir şərait yaradılıb. Onlarla birlikdə mərkəzin yüksək ixtisaslı həkimləri böyük və kiçik tibbi personal, anestezioloqlarımız gücləndirilmiş iş rejimində çalışırlar. Hazırda da müayinə və əməliyyatlar davam etdirilir”.
Şöbə müdiri bildirib ki, gözdaxili endoprotezləşmə aparılan qazilərdə bu, ömürlükdür. Üstdən çıxan mobil protezlər isə bir neçə illikdir və müəyyən müddətdən sonra dəyişdirilə bilər.
İsrailli həkimlərdən ibarət nümayəndə heyəti Azərbaycanda bir həftə ərzində qazilərimizin müayinə və əməliyyatlarını həyata keçirəcək. Artıq həftənin beş günü arxada arxada qalıb.
“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun sözlərinə görə, bu müddət ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28 nəfərinə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.
Gülnar Əliyeva
Foto-Video: Pərvin Zeynal
BBC 27 ildən sonra Ağdama qayıdan azərbaycanlı haqqında reportaj hazırlayıb – VİDEO

BBC uzun müddətdən sonra doğma yurduna qayıdan azərbaycanlı Natiq Allahyarov haqqında reportaj hazırlayıb.
Reportajda birinci Qarabağ müharibəsi zamanı ayağından yaralanmış N.Allahyarovun məcburi köçkünlər üçün yataqxanada yaşamasından, bir gün evinə dönməyi xəyal etməsindən və xəyallarının gerçəkliyə çevrilməsindən bəhs edilir.
İlon Maskın “Starship”i 3-cü dəfə də partladı – Video

Dünyanın ən varlı adamı İlon Maska məxsus “SpaceX” şirkəti Marsdakı missiyalar üçün nəzərdə tutulmuş “Starship” kosmik gəmisinin prototipini şaquli vəziyyətdə yerə endirməyi bacarıb, lakin bir neçə dəqiqə sonra o partlayıb.
“Starship SN10” adlanan prototip Boka-Çikada (Texas ştatı) ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:15-də hərəkətə başlayıb. Gəmi bir neçə dəqiqə ərzində 10 km yüksəkliyə qalxıb, daha sonra Boka-Çika kosmodromunun yanına eniş edib. Gəmidə baş verən yanğından sonra partlayış olub.
Qeyd edək ki, daha əvvəlki iki anaoloji sınaqlar zamanı da prototiplər meydançaya eniş etdikdə partlamışdı.
Snayperlər Paşinyanı belə qoruyur – Video

Xəbər verdiyimiz kimi, dünən Ermənistan parlament binasının qarşısında müxalifətin etiraz aksiyası keçirilib.
Aksiya ərəfəsində ölkənin Baş naziri Nikol Paşinyanı qorumaq məqsədi ilə təhlükəsizlik tədbirləri gücləndirilib.
Bununla əlaqədar polis parlamentin həyətində işıq-səs bombası, parlament binasında isə snayperlər yerləşdirib.
Snayperlər ərazidə çəkiliş aparan telekanallardan birinin kamerasına tuş gəlib.
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib – VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.
Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığının qorunmasına və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.
Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində 44 günlük Vətən müharibəsində iştirak edən bölmələrin döyüş təcrübəsini özündə əks etdirən praktiki fəaliyyətlər imitasiya edilib.
Tabor və divizionlarda taktiki-sıra məşğələlərinin təşkili və hazırlanması metodikası göstərilib, düşmənin kiçik ölçülü pilotsuz uçuş aparatlarına və dronlarına qarşı mübarizənin üsul və vasitələri nümayiş etdirilib, praktiki fəaliyyətləri icra edən minaatan batareyaları simulyator minaatanlarından atışlar keçiriblər.
Müasir tank texnikalarının gecə şəraitində döyüşdə tətbiqi ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirməsi praktiki olaraq göstərilib.
Komandir hazırlığı məşğələlərinə cəlb edilmiş zabitlərdən müxtəlif ixtisas və fənlər üzrə məqbullar qəbul edilib.
Məşğələlərin yekununda bildirilib ki, zabitlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsində, müxtəlif silah sistemlərindən və silahlanmaya yeni daxil edilmiş hərbi texnikalardan istifadə bacarıqlarında, məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edilib.
Həmçinin baxın
BBC 27 ildən sonra Ağdama qayıdan azərbaycanlı haqqında reportaj hazırlayıb – VİDEO
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib – VİDEO
Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO
“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video
Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla