Türkiyə və Misir XİN nümayəndə heyətlərinin Qahirədə keçirdikləri siyasi məsləhətləşmələr səmimi şəraitdə keçib və hərtərəfli məzmun kəsb edib.

Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

“İkitərəfli məsələlərlə yanaşı, danışıqlarda Liviya, Suriya və İraqdakı vəziyyətə diqqət yetirilməklə regional mövzular da müzakirə olunub. Bundan başqa, Şərqi Aralıq dənizində sülhün və təhlükəsizliyin təmin edilməsinin zəruriliyi vurğulanıb”, – məlumatda deyilir.

Qurumda əlavə ediblər ki, Ankara və Qahirə danışıqların ilk raundunun nəticələrini qiymətləndirəcək və növbəti addımlar haqda qərar qəbul edəcək.

Qeyd edək ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, bundan sonra tərəflər öz səfirlərini geri çağırıblar. Cari ilin mart ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.

İstinadlar Qafqazinfo