Mərakeşin Kasablanka şəhərindən İstanbula səfər edən sərnişin təyyarəsində qeyri-adi hadisə yaşanıb.

Səfər zamanı hamilə bir qadının halı pisləşdiyindən təyyarə İspaniyanın Barselona şəhərində təcili eniş edib.

Təyyarənin Barselonanın “El Prat” Hava Limanına eniş etməsinin ardınca təyyarədən enən 28 nəfər uçuş zolağı boyu qaçmağa başlayıb. Qaçanlar arasında halı pisləşdiyini iddia edən həmin hamilə qadın da olub.

İspaniya polisi aralarında hamilə qadın da olan bu sərnişinlərdən 14-nü saxlayıb. Məlum olub ki, qadının əslində halı pisləşməyib və həmin şəxslər əvvəlcədən əlbir olaraq İspaniyada miqrant olaraq qalmağı planlaşdırıblar.

Saxlanılan 14 nəfərdən 5-i könüllü olaraq ölkələrinə geri dönməyə razı olub.

Bununla yanaşı, sözügedən təyyarənin Türkiyənin “Pegasus” aviaşirkətinə məxsus olduğu, göyərtəsində ümumilikdə 228 sərnişinin olduğu qeyd olunub.