
Türkiyənin İsrailə yeni təyin edilmiş səfiri Kamal Ökən etimadnaməsini bu ölkənin prezidenti Reuven Rivlinə təqdim edib.
Səfir etimadnaməsini təqdim etdikdən sonra səmimi qəbula görə, İsrail prezidentinə təşəkkürünü bildirib və ikitərəfli əlaqələrin inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.
Onun sözlərinə görə, bu, İsrail-Türkiyə münasibətlərində yeni başlanğıcdır: “Bölgəmiz yeni problemlərlə üzləşir, amma həm də çoxlu imkanlara malikdir. Bu imkanların reallaşması üçün hər şeyi edəcəyəm”.
K.Ökən dekabrın 11-də İstanbulda törədilən terror hücumu ilə əlaqədar başsağlığı verdiyinə və Türkiyənin fələstinlilər üçün humanitar yardımının çatdırılmasına yardım etdiyinə görə, R.Rivlinə təşəkkür edib.
Qeyd edək ki, İsrailin Türkiyədəki səfiri Eytan Nae də dekabrın 5-də etimadnaməsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib.