Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Berlində keçiriləcək Liviya konfransında iştirak edəcək.

Məlumatı Türkiyə Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.

“Türkiyə Liviyadakı münaqişənin siyasi həlli üçün edilən cəhdləri dəstəkləyir”, – deyə administrasiyadan bildirilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də konfransda iştirak edəcəyini açıqlayıb.

Xatırladaq ki, Almaniyanın təşəbbüsü ilə keçiriləcək Berlin konfransı Liviyadakı siyasi böhranı dayandırmağı, Liviyanın ərazi bütövlüyünü əsas götürən sülh müqaviləsi üçün danışıqların başladılmasını hədəfləyir. Tədbirə münaqişədə olan iki tərəfdən başqa, ABŞ, Rusiya, Türkiyə, Fransa, Çin, Avropa İttifaqı, BMT və s. ölkələr və təşkilatların rəhbər və nümayəndələri dəvət edilib.

Hazırda Liviya ərazisinin bir hissəsinə mərkəzi Benqazidə yerləşən marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu, bir hissəsinə isə BMT-nin dəstəklədiyi Tripoli mərkəzli Razılıq Höküməti nəzarət edir.

Alparslan Öztürk

İstinadlar Report