“Ötən ilin sentyabr ayında Ermənistanın irimiqyaslı hərbi hücumuna cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və işğal altında olan ərazilərin böyük hissəsini azad etdi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısındakı çıxışı zamanı deyib. 

Dövlət başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altında olan digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur olub: “Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinin icrasını təmin etdi.

Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.

Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib. Xüsusilə mən müharibənin ilk günlərindən bizə siyasi dəstək ifadə edən Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm”.