“Konstitusiyanın dəyişdirilməsi mümkündür”.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay “A Haber”ə müsahibəsində deyib.

O bildirib ki, konstitusiyanın dəyişikliyi ilə bağlı müxalifətlə müzakirələri davam etdirirlər: “Müxalifətin fikirlərini öyrənirik. Dediyim kimi, işlərimiz davam edir. Layihələr təklif edildikdən və ortaq məxrəcə gəldikdən sonra bu, mümkündür”.

F.Oktayın sözlərinə görə, konstitusiya dəyişikliyinin 2023-cü ildə həyata keçirilməsi istisna deyil.

Vitse-prezident bildirib ki, bundan sonra nəinki konstitusiyanın dəyişdirilməsi, digər yeniliklər də mümkündür: “Bizi müxalifətdən fərqləndirən əsas amil budur. Biz gələcəyə baxırıq”.

F.Oktay qeyd edib ki, hakim Ədalət və İnkişaf Partiyası yerli idarəetmə orqanlarına 2024-cü ildə baş tutacaq seçkilərə hazırlaşır: “Prezident seçkilərinin həm birinci, həm də ikinci turundan nəticə çıxarmağa çalışacağıq”.