Türkiyənin kəşfiyyat və təhlükəsizlik qüvvələri keçən ay İran kəşfiyyatının adam qaçırılması cəhdinin qarşısını alıb.

Sözügedən şəxs 2018-ci ildə Türkiyəyə qaçan iranlı helikopter pilotu Mehrdad Abdarbaşidən gedir.

Məlumata əsasən, Abdarbaşi 2018-ci ildə İranın Suriyada həyata keçirdiyi əməliyyata qatılması istiqamətində əmr alıb. Lakin buradakı mübarizəyə qatılmaq istəməyən iranlı pilot Türkiyəyə qaçıb.

Bu yaxınlarda isə İran kəşfiyyatının onu ələ keçirmək istədiyi bəlli olub. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edən Abdarbaşi İran agentlərinin əlindən qurtulmağı bacarıb.

Yaşadıqlarını Qətərin “Əl-Cəzirə” telekanalına danışan Abdarbaşi Türkiyəyə Vandan girdiyini bildirib. O, Vanda təhlükəsizlikdə olmadığını hiss edərək başqa şəhərə yollanmaq istəyib.

Türk polisi isə koronavirusla bağlı məhdudiyyətlər səbəbindən bunun mümkün olmadığını bildirib. Bununla yanaşı, Türkiyə polisi pilotun təhlükəsizliyini təmin etmək məqsədilə ona dinlənilən və izlənilən özəl telefon verib.

Onun sözlərinə görə, Türkiyədə dolanmaq üçün valyuta alışı və satışı ilə məşğul olub. O qeyd edib ki, internetdə tanış olduğu iranlı bir qadın bu işə girmək üçün kömək etməsini xahiş edərək onunla görüşmək istəyib. Türk polisi bu qadının İran kəşfiyyatından olub-olmadığını aydınlaşdırmaq üçün pilota bir cihaz verib.

“Polislər mənə dedilər ki, bu cihazı telefonuna taxdığımda qadının votsap yazışmalarını görə biləcəklər. Həmçinin qadın mənə birlikdə şəhərdən kənara çıxmağı təklif etsə də, polislərin tövsiyəsi əsasında bu təklifi rədd etdim”, – deyə Abdarbaşi qeyd edib.

Qadının telefonunu izləyən türkiyəli təhlükəsizlik qüvvələri qadının İran üçün çalışan agent olduğunu təyin edib və Abdarbaşinin qaçırılması üçün qurulan bu planın üstünü açıb.

Bildirilir ki, qadın pilotu yeməyə dəvət edərək yeməyinə dərman qatmağı planlaşdırıb. Bunun ardınca isə İran agentləri Abdarbaşini qaçırmalı idi.

Abdarbaşi sentyabrın 24-ü Türkiyə polisinin tövsiyəsi ilə qadını öz evinə dəvət edib. Polis və kəşfiyyat qüvvələri 21:00-da görüş yerinə gələn qadını və onunla birlikdə gələn iki agenti saxlayıb.

“Türk polisi və kəşfiyyatı hələ də mənimlə maraqlanır. Həyatımı xilas etdikləri üçün onlara minnətdaram. İranlı agentlərin yenidən məni izləməsindən və öldürülməkdən qorxuram”, – deyə o vurğulayıb.