Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdikləri nümayəndə heyətləri Türkiyənin Ankara şəhərində işgüzar səfərdə olub.

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA) keçirilən görüşlərdə iki qardaş ölkə arasında geologiyanın bütün sahələri üzrə əməkdaşlıq, eləcə də yeraltı sərvətlərin axtarışı, onların dəyərləndirilməsi və işlənilməsi, həmçinin geofiziki xəritələrin hazırlanması məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüşlərdə birgə geoloji məlumat bazası mərkəzinin qurulması, Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla faydalı qazıntı yataqları üzrə geofiziki anomaliyaların rəqəmsal xəritəsinin hazırlanması, ehtiyatların dəqiqləşdirilməsi üçün birgə fəaliyyətin təşkili, mülti və hiperspektral platformaların tətbiqi, qeyri-invaziv texnologiyaların mənimsənilməsi, həmçinin digər texniki məsələlər və növbəti mərhələlərdə atılacaq addımlar müzakirə edilib.

Nümayəndə heyəti MTA-nın Mineralların Analizi və Texnologiyası şöbəsinin metallurgiya, minerallar, qeyri-filiz və tikinti materiallarının tədqiq edildiyi analitik kimya və metallurji sınaq laboratoriyasını ziyarət edib, müəssisənin işi ilə yaxından tanış olub.

Görüşdə Azərbaycanın filiz ehtiyatları ilə zəngin olan bölgələrindən birində analoji laboratoriya mərkəzinin yaradılması, mərkəzin təsis edilmə formatı və texnoloji imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.







İstinadlar Qafqazinfo