Türkdilli ölkələrin məhsullarını bir araya gətirən vahid bir platforma – “Turanecom” yaradılıb.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov deyib.

Onun sözlərinə görə, bu təşəbbüs türk dünyasının iqtisadi gücünü və yerli brendlərinin potensialını birləşdirərək “Made in Turan” konsepti altında yeni bir iqtisadi hərəkatı başlatmağı hədəfləyir: “Turanecom” platforması ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın məhsul və xidmətləri vahid brend altında təqdim olunur. Məqsədimiz bu coğrafiyada istehsal olunan keyfiyyətli məhsulları beynəlxalq bazarlarda tanıtmaq, iqtisadi əməkdaşlığı gücləndirmək və regional inteqrasiyanı təşviq etməkdir. “Turanecom” həmçinin Türk dünyası istehsalçılarının və sahibkarlarının birgə əməkdaşlıq etməsinə, ortaq layihələr həyata keçirməsinə və rəqabətə davamlı məhsullar yaratmasına şərait yaradır. Bu platforma milli brendlərimizin güclənməsi, dayanıqlı istehsalın təşviqi və ortaq mədəni dəyərlərin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır”.

O qeyd edib ki, “Turanecom” platformasının ilk mərhələsində tekstil sektoru üzrə məhsulların inteqrasiyasına başlanılıb: “Bu sahə türk dünyasının güclü istehsal potensialına malik əsas sahələrindən biridir”.

İstinadlar Report