Tunisdə xalq üsyanı nəticəsində devrilmiş keçmiş prezident, ölkəni 20 ildən çox idarə etmiş Zin əl-Abidin Bin Əli Səudiyyə Ərəbistanında dəfn edilib.

Bu barədə “Əl-Vətən” qəzeti məlumat yayıb.

Sabiq dövlət başçısı Mədinədə torpağa tapşırılıb.

Qeyd edilir ki, 83 yaşlı Bin Əli ötən cümə axşamı müalicə olunduğu Ciddədəki xəstəxanada ölüb. Sabiq siyasətçi son illər xərçəng xəstəliyindən əziyyət çəkib.

Bəzi ərəb KİV-lərinin məlumatına görə, ailəsi sabiq prezidenti Tunisdə dəfn etmək istəyib. Amma indiki hakimiyyətdən rədd cavabı alıb. Ancaq “Sky News Arabia” telekanalı bildirib ki, Tunis hökuməti sabiq prezidentin ailəsinin müraciəti halında onun vətəndə dəfn edilməsi xahişinə müsbət baxmağa hazır idi.

Tunisi 1987-ci ildən idarə etmiş Bin Əli 2011-ci ilin yanvarında baş vermiş inqilab nəticəsində devrilib. O, ailəsi ilə Səudiyyə Ərəbistanına qaçıb. Sabiq dövlət başçısı vətənində nümayişçilərin qətllərində, hakimiyyətdən sui-istifadədə və dövlət vəsaitlərinin israfçılığında ittiham edilərək qiyabi olaraq 100 milyon ABŞ dolları məbləğində cəriməyə və dörd dəfə ömürlük həbsə məhkum edilib.

İstinadlar Report