Regionun tərəqqi, əməkdaşlıq və təhlükəsizlik mühitində Azərbaycan fenomeni əsas tənzimləyici faktordur.
Bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirib.
O qeyd edib ki, Zəfərin yaratdığı reallıqlar isə Qafqaz bölgəsi ilə yanaşı, ümumiyyətlə, Avrasiya məkanının müxtəlif sahələrində yeni yanaşmaları, müasir çağırışları aktuallaşdırıb:
“Ölkəmizdə və Qafqazda sülh, inkişaf və təhlükəsizlik sistemi dünyaya mühüm töhfədir. Qlobal səviyyədə nüfuzlu dövlət və lider kimi tanınan Azərbaycanla bağlı hər hansı bir proses təbii olaraq, beynəlxalq miqyasda da diqqətlə qarşılanır və onun ciddi təsirləri olur.
Eyni zamanda Azərbaycanın və onun Liderinin müstəqil siyasəti müəyyən xarici dairələrdə, qruplarda, hətta bəzi dövlətlərdə narahatlıq və narazılıq yaradır. Prezident İlham Əliyevin təbirincə desək, Azərbaycan dünya miqyasında çox böyük layları yerindən tərpədib. Ancaq respublikamızın son onillikdə qlobal problemlərin həllinə verdiyi töhfələrlə qazandığı böyük nüfuz, etimad bu müstəqil siyasətin davamlılığını arzulayan dövlətlərin və xalqların əksəriyyət təşkil etdiyini də göstərir”.
R.Usubov məqalədə vurğulayıb ki, qlobal miqyasda təhlükəsizlik sahəsində yaşanan problemlər son illərdə daha geniş miqyas alıb:
“Sosial böhranlar, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, siyasi qovğalar, hətta ekoloji fəlakətlər mahiyyətcə qanlı savaşlarla eyni nəticələr verir və dövlətlərin, millətlərin təhlükəsizliyinə ciddi təhdidlər formalaşdırır. Müasir təhlükəsizlik sistemində bütün bu amillər eyni səviyyəli təhlükə faktoru kimi qəbul olunur və onların zəncirvari halqa kimi bir-birinə zərərli təkan vermələri aydın müşahidə edilir.
Xarici təsirlər nəticəsində hələ də “rəngli inqilablar”a, yeni növ işğalçılığa və müstəmləkə siyasətinə məruz qalan ölkələrin sayı yetərincədir. Azərbaycan bu prosesdə fəal mövqe nümayiş etdirir, xalqların və dövlətlərin suveren hüquqlarının müdafiəsində konkret fəaliyyət yürüdür. Eyni zamanda məlum fövqəldövlətlərin müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparan kiçik dövlətlərin, xarici təşkilatların, siyasi partiyaların təmsilçiləri ölkəmizdə müxtəlif tədbirlər təşkil edir, koordinasiya mərkəzləri yaradırlar”.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, beynəlxalq təhlükəsizlik sistemində təsiredici qüvvə kimi mövqeyi günü-gündən artan və möhkəmlənən Azərbaycan Respublikasının yeni tarixi mərhələdə həyata keçirdiyi fəaliyyət, bir az əvvəl qeyd etdiyim kimi, yalnız ölkə miqyası ilə məhdudlaşmır.
“Onun BMT Təhlükəsizlik Şurasına və Qoşulmama Hərəkatına sədrliyi dövründə, eləcə də bu gün beynəlxalq arenada səmərəli təşəbbüsləri, qarşılıqlı faydalılığı təmin edən əməkdaşlıq təklifləri yüksək hörmətlə qarşılanır.