Amerikalı aktyor Tom Henks sözünə əməl edərək Donald Trampın ABŞ prezidenti seçkilərində qələbəsindən sonra ABŞ-ni tərk edib.

Bu barədə “The Direct” nəşri məlumat verib.

Nəşrdə Henksin pərəstişkarlarına ünvanladığı açıq məktubdan sitat gətirilib.

“Ağır ürək və daha ağır çamadanla elan edirəm: mən rəsmən ölkəni tərk etdim. Bəli, düz eşitdiniz – mən indi bunu uzaq, naməlum, dəqiq Amerika olmayan məkana mənzərəsi açılan yerdən yazıram”, – Henks yazıb.

Getməsinin səbəblərindən danışan Henks aydınlıq gətirib: “Prezident Tramp 2.0 mənim hazır olduğum şey deyildi. Nəticələri görəndə düşündüm: “Qaç, Forrest, qaç!” Və mən məhz bunu etdim”.

Aktyor pərəstişkarlarından ABŞ-ni həmişəlik tərk etdiyini düşünməməyi xahiş edib və Donald Trampın prezidentlik müddəti başa çatdıqdan sonra qayıda biləcəyini açıqlayıb.

Bundan əlavə, noyabrın 5-də məlum olub ki, aktyor Riçard Gir və həyat yoldaşı Alexandra Silva İspaniyaya köçmək planlarını həyata keçirməzdən əvvəl Konnektikutdakı rançolarını 10,75 milyon dollara satıblar. Məşhurlar ABŞ-ni 5 yaşlı Aleksander və 4 yaşlı Ceyms adlı oğulları ilə birlikdə tərk edirlər.