ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə “məhsuldar” telefon danışığı barədə məlumat verib və “dərhal danışıqlara başlamaq” niyyətini vurğulayıb.

Bu barədə Ağ evin başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, söhbət zamanı Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt və “dolların gücü” məsələləri müzakirə edilib.

Tramp vurğulayıb ki, onlar Putinlə ölkələrinin “böyük tarixini” və İkinci Dünya müharibəsindəki əməkdaşlığını xatırlayıblar. Onun sözlərinə görə, xüsusi diqqət Rusiya – Ukrayna müharibəsinə yönəlib. Tramp bildirib ki, tərəflər “milyonlarla ölümü” dayandırmaq istəyir və qarşılıqlı səfərlər də daxil olmaqla sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Tramp qeyd edib ki, “danışıqlar dərhal başlamalıdır”, ilk iş Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək söhbət barədə məlumat vermək olacaq.

“Mən dövlət katibi Marko Rubio, MKİ direktoru Con Ratkliff, milli təhlükəsizlik müşaviri Maykl Uolts və xüsusi elçi Stiv Uitkoffa uğurlu olacağına qəti əmin olduğum danışıqlara başçılıq etməyi tapşırmışam”, – Tramp yazıb.

İstinadlar Report