ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə telefon danışığı yaxın günlərdə baş tuta bilər.

O, bu barədə Ağ Evdə hökumət fərmanlarının imzalanması zamanı bildirib.

“Mən həmçinin Prezident Putinlə görüşəcəyəm. Bu, çox tezliklə baş verə bilər”, – Amerika lideri deyib. Lakin o, başqa detalların hələ məlum olmadığını söyləyib

“Mən Prezident Putinlə danışmalıyam, vəziyyəti öyrənməliyik. O, bundan məmnun görünmür. İşləri yaxşı getmir, amma müharibəni davam etdirir” – deyən Tramp  Ukrayna müharibəsini mümkün qədər tez bitirmək istəyini bir daha vurğulayıb.

Ondan Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışıb-danışmayacağı soruşulduqda, Tramp belə cavab verib: “O, mənə dedi ki, razılaşma əldə etmək istəyir. Zelenski razılaşma istəyir. Amma bilmirəm, Putin istəyir, ya yox. Ola bilsin ki, istəmir.”

Tramp razılaşma əldə etməyin vacibliyini qeyd edib:

“Məncə, Putin razılığa gəlməməklə Rusiyanı məhv edir. Hesab edirəm ki, Rusiya ciddi problemlərlə üzləşəcək. Onların iqtisadiyyatına baxın, inflyasiyaya baxın… Ümid edirəm ki, Putin də razılaşma əldə etmək istəyir,” deyə əlavə etdi.