ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Maykl Flinni bağışlayıb.

Bu barədə o, özünün tvitter səhifəsində məlumat verib.

“General Maykl Flinnin tamamilə bağışlandığını elan etməkdən şərəf duyuram. General Flinni və onun gözəl ailəsini təbrik edirəm, bilirəm ki, indi həqiqətən fantastik Şükran Günü keçirəcəksiniz”, – amerikalı lider yazıb.

Ağ Evin mətbuat xidmətinin sonradan verdiyi xəbərə görə, Flinnin əfv fərmanı Tramp tərəfindən çərşənbə günü imzalanıb. “Prezident general Flinni bağışladı, çünki o, mühakimə olunmamalı idi. Ədliyyə Nazirliyinin Flinnin işinə müstəqil baxması da bu fikri təsdiqləyir. Əslində Ədliyyə Nazirliyi general Flinnə qarşı ittihamların ləğv edilməli olduğu qənaətinə gəldi. Nəhayət, günahsız insanın amansız, siyasiləşdirilmiş təqibinə son verildi”, – press-relizdə deyilir.