Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşımını bərpa etmək üzrədir

ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, Birləşmiş Ştatlar Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşımının dayandırılmasını “demək olar ki,” aradan qaldırıb və Səudiyyə Ərəbistanında Ukrayna rəsmiləri ilə keçirilməsi planlaşdırılan görüşlərdən müsbət nəticələr gözləyir.

Trampdan sözügedən məhdudiyyəti tamamilə aradan qaldırmağı nəzərdən keçirib-keçirmədiyi soruşulduqda, o, “Demək olar ki, etmişik. Demək olar ki, etmişik,” – deyə cavab verib.

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliff çərşənbə günü bəyan etmişdi ki, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşımını dayandırıb. Bu addım, Kiyevin Rusiya ilə sülh danışıqlarının təşkilinə razılıq verməsi üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiqi artırıb.

Kəşfiyyat məlumatlarının paylaşımının dayandırılması Kiyevin Rusiya raket hücumlarından müdafiə olunmaq imkanlarını zəiflədərək insan itkilərinə səbəb ola bilər. Bu qərar, həmçinin, ABŞ-ın Ukraynaya hərbi yardımını dondurmasından sonra qəbul edilib.

ABŞ rəsmiləri çərşənbə axşamı Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə görüşəcək. Görüşdə Ukraynanın müharibəyə son qoymaq üçün Rusiyaya hansı güzəştlərə getməyə hazır olduğu məsələsi müzakirə ediləcək. Ciddədəki danışıqların gündəmində həmçinin Vaşinqton və Kiyev arasında planlaşdırılan mineral resurslarla bağlı razılaşmanın gələcəyi də dayanır.

Tramp danışıqlarla bağlı nikbinliyini ifadə edib: “Düşünürəm ki, bu həftə çox irəliləyiş əldə edəcəyik.”

Zelenski və Tramp arasında imzalanması planlaşdırılan mineral resurslarla bağlı razılaşma – hansı ki, ABŞ-a Ukraynanın bəzi təbii sərvətlərinə çıxış imkanı verəcəkdi – Zelenskinin Ağ Evə səfəri zamanı liderlər arasında yaranan gərginlik səbəbindən imzalanmamışdı.

Tramp bazar günü verdiyi açıqlamada, Ukraynanın bu razılaşmanı imzalayacağına inandığını bildirib. O, Kiyevin sənədə ABŞ-ın təhlükəsizlik zəmanətini daxil etmək istədiyini də qeyd edib.

“Onlar bu müqaviləni imzalayacaqlar, amma mən istəyirəm ki, onlar sülh istədiklərini daha açıq şəkildə göstərsinlər… Onlar bunu yetərincə nümayiş etdirməyiblər,” – deyə Tramp əlavə edib.

ABŞ lideri, həmçinin, administrasiyasının Rusiya ilə bağlı tarif məsələsini nəzərdən keçirdiyini və Rusiya, Çin və İranın iştirakı ilə keçirilən hərbi təlimlərdən narahat olmadıqlarını bildirib.