
“Azərbaycan 90-cı illərdə əsir və itkin düşmüş azərbaycanlıların Ermənistan tərəfindən edam olunması barədə beynəlxalq təşkilatları məlumatlandırmalıdır”.
Bunu “Report”a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O vurğulayıb ki, rəsmi İrəvan və xaricdəki erməni lobbisi Azərbaycana qarşı aqressiv və əsassız təbliğat aparır.
Keçmiş XİN başçısı qeyd edib ki, bu gün Ermənistan feyk videolar əsasında təbliğat dalğasını gücləndirib: “Amma Azərbaycan sülh prosesinə hər-hansı maneə törətməmək üçün bir müddət həqiqətləri çatdırmaq məsələsində bir o qədər aktiv deyildi. Lakin bizim dünya ictimaiyyətinin diqqətinə çatdırmalı olduğumuz məsələlər çoxdur. İşğal vaxtında dağıdılmış ərazilər, həmin ərazilərdə törədilən cinayətlər, 90-cı illərdə itkin və əsir düşmüş şəxslərin edam olunması, Vətən müharibəsi dövründə əsirlərə qarşı qeyri-insani davranışların törədilməsi kimi faktlar barədə beynəlxalq təşkilatlar məlumatlandırılmalıdır. Biz bilməliyik ki, bugünlərdə Avropa Parlamentində bu məsələ ilə əlaqədar müzakirələr aparılır və sözügedən qurumda çox fəal erməni lobbi qrupları var. Hesab edirəm ki, indiki mərhələdə Azərbaycan tərəfinin lazımi məlumatları sözügedən qurumlara çatdırması beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi üçün çox effektiv üsul olacaq”.
T.Zülfüqarovun sözlərinə görə, hazırda Azərbaycanla Ermənistan arasında real sülh prosesi yoxdur: “Ermənilər bu prosesdən görüntü yaratmaq üçün istifadə edirlər və göstərmək istəyirlər ki, guya onlar bu prosesdə real iştirak edirlər. Erməni siyasi təhlilçiləri də açıq etiraf edirlər ki, rəsmi İrəvanın taktikası vaxt uzatmaqdan ibarət olmalıdır. Çünki ermənilər istəyirlər ki, Rusiyanın hərbi bazalarının geri çəkiləcəyi və Rusiyanın Ermənistandan tamamilə çıxacağı müddətdə hansısa Qərb dövlətini, yaxud beynəlxalq təşkilatları həm sərhəd bölgəsinə, həm də digər bölgələrə cəlb etsinlər. Onların vasitəsilə yenə də təhlükəsizlik işlərini qurub, arxadan köhnə siyasətlərinə davam etsinlər. Bütün bunlar bu proseslərin görüntü olduğu və taktiki xarakter daşıdığını deməyə əsas verir. Azərbaycana qarşı aktiv təbliğat müharibəsinin aparılması Ermənistanın sülh niyyətində olmadığını, rəsmi İrəvanın hansısa meyillərini ciddi qəbul etməyin lazım olmadığını göstərir”.