Şərifovlar ailəsi həmin günü çətin ki, unuda… Onlar noyabrı dörd gözlə gözləyirdilər, normadan isti keçən bu ayın 11-i ailəyə iki sürpriz yaşatdı. Biri pis, digəri yaxşı. Yaxşıdan başlayaq –  Şərifovların sayı artdı, beşinci qız övladı bacılarına qoşuldu. Amma elə eyni gündə bacılardan birinin başına gələnə digər “sürpriz” deyə bilərik. 

Rəvanə Sabunçu Tibb Mərkəzinin reanimasiyasında komadan ayılanda heç nəyi xatırlamayıb. Heç ona nəyisə xatırlada biləcək anasını da başının üstündə tapmayıb. Səbəbi aydındır, ana da doğuş etdiyi xəstəxanada olub. Bu səbəbdən ağır qəzadan sağ çıxan azyaşlı komadan ayılanda ailəsindən ancaq qazi atasını görə bilib. 13 yaşlı qəhrəmanımın unutduğu şeylər isə 5 gün əvvəl yaşadığı Yevlax rayonunda magistral yolu keçib çörək almağa getməsi, TIR avtomobili ilə vurulmasıdır… 

Rəvanə evlərinin qarşısındakı yolda qəzaya düşüb. Sürücü hadisənin şokunda olduğundan qonşuların köməyi ilə uşağı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin ağır vəziyyətdə olan azyaşlını valideynləri Bakıya köçürmək məcburiyyətində qalıb. Noyabrın 14-ü oksigen balonuna qoşulu olan qızı paytaxtda bir neçə özəl klinikadan imtina alandan sonra Sabunçu Tibb Mərkəzinə gətiriblər.

“Qafqazinfo” həyatla ən ağır toqquşmadan həkimlərin səyi nəticəsində sağ qurtulan Rəvanə Şərifli ilə həmsöhbət olub, onu həyata qaytaran komandanın günlərdir apardığı mübarizəni öz dillərindən dinləyib.

Qızın bu qədər ağır travmalardan sonra həyata qayıtması möcüzə kimi görünür. Xəstəxanadakı tibb işçiləri və yeni işə başlamış uzman həkim heyətinin səyi nəticəsində o, bütün ağır günlərini geridə qoyub. Gipsdə olan qoluna, başında və bədənindəki zədələrə baxmayaraq çox nikbin görünür.

Xəstəxanada qaldığı qısa müddət ərzində həyatını xilas edən tibb işçiləri ilə də dostlaşıb: “İndi özümü yaxşı hiss edirəm. Qolum sakit saxlayanda ağrımır, tərpədəndə bir az ağrı olur.

Atam yanımda qalırdı, anamla hər gün telefonla danışırdım. Ən çox anamdan, böyük bacımdan və sinif yoldaşlarımdan ötrü darıxmışam. Burada mənə yaxşı baxıblar, hər gün əzizləyirdilər. Leyla həkimi çox xoşladım. Bir də Çəmən nənə var, ən çox onu istəyirəm…”.

Rəvanə ilə bir xeyli dərsləri, gələcək arzuları ilə bağlı həmsöhbət oluruq. Məlum olur ki, böyüyəndə hərbçi olmaq niyyətindədir. Sağalandan sonra da sevdiyi idmanla məşğul olacaq. Hazırda ən böyük istəyi isə evə gedib anasını qucaqlamaqdır.

Rəvanənin yanında ilk gündən atası Əfqan Şərifov qalır. Birinci Qarabağ müharibəsində döyüşən qazi bir qolunu biləkdən aşağı müharibədə itirib. Deyir ki, Rəvanənin həyata qayıtması indiyə qədər yaşadığı bütün ağrıları unutdurub: “Rəvanə ikinci qızımdır, qəzaya düşən günü 5-ci qızım dünyaya gəlib. Ona görə anası gələ bilmədi, mən bura gətirən gündən Rəvanənin yanındayam. Vəziyyəti çox pis idi, oksigen balonuna qoşulmuşdu. Noyabrın16-sı komadan ayıldı. Ayıldığını ilk dəfə görəndə çox kövrəldim. Müharibədə qolum kəsilib, inanın, qolum yadımdan çıxmışdı, elə bil ikinci həyatımı yaşayırdım. Burada hamıdan dağlar qədər razıyam. Sağ olsun həkimlər, xəstəxananın direktoru, hər kəs. Onların köməyi ilə balam həyata qayıtdı”.

Xəstəxananın dərman təchizatı, həkim heyətinin peşəkarlığı xəstələrin sağalmasında nə qədər rol oynayırsa, tibb bacıları və sanitarların şəfqəti də bir o qədər həlledicidir. Rəvanənin burada tapdığı Çəmən nənəsi kimi. Çəkilişdə olduğumuz dövrdə növbəni təhvil verən sanitar Çəmən Abbasova otağa gəlib bir neçə gündür tanıyıb doğmalaşdığı “nəvəsi” ilə sağollaşır: “Səhər tezdən gəldim, gördüm çağırır “nənə, mənə su ver də…” Belə tanış olduq. Nənə təkcə mənə deyirdi. Nənə deyən kimi də hamı məni çağırırdı, gəl, nəvən səni istəyir. İki gecə növbədə idim, onun yanında qaldım, qulluq elədim. Öz balamdan da artıq baxmışam ona. Əvvəlcə heç danışa bilmirdi, komada idi. Özünə gəldi, suyu, yeməyi qurtum-qurtum, qaşıq-qaşıq verirdim, yavaş-yavaş düzəldi…”

Rəvanəni həyata qaytaran komandanın əsas üzvü Sabunçu Tibb Mərkəzində avqust ayından bəri işə başlayan uzman anestezioloq-reanimatoloq Leyla Mercandır. O, Ankarada Hacettepe xəstəxanasındakı işini yarımçıq qoyaraq Türkiyə vətəndaşı olan həyat yoldaşı Sait Mercanla bərabər bu xəstəxanada fəaliyyətə başlayıb. Hazırda tibb müəssisəsində yeni reanimasiyanın qurulmasında bu həkimlərin də böyük rolu var. 

Təmir getməsinə baxmayaraq xəstəxana azyaşlını qəbul edib və onu həyata qaytara bilib: “Rəvanə bizə gələndə çox ağır vəziyyətdə idi, süni tənəffüs aparatına qoşulmuşdu, bilinci tam deyildi, harada olduğunu, nə baş verdiyini anlamırdı. Ağciyərlərində kontuziya, qabırğalarında sınıq olduğuna görə nəfəsalmasında problem var idi. Ona görə biz onu 2 gün ərzində süni tənəffüs aparatında saxlamalı olduq. Uzman həkim neyrocərrah Sait Mercan onu neyroloji müayinə etdi. O, həm də uzman pediatr Jalə Mirzəyevanın nəzarətində idi. Əslində bizim reanimasiya böyüklər üçündür. Çünki uşaqların müalicələri fərqli olur deyə burada uşaqları saxlamırıq. Lakin bu uşaq daha yetişkin olduğu üçün, həm də uzman neyrocərrahımız, pediatrımız olduğu üçün onu saxladıq. Mən onu görəndə düşünmüşdüm ki, Allahım, niyə bu uşağı bura gətiriblər. Çünki xəstəxanamızın reanimasiyası təmirdədir, müayinələr tam olaraq yoxdur. Lakin biz bunu bacardıq. Bizim şəraitdə uşağı belə vəziyyətdən çıxarmaq böyük hünər tələb edirdi”.

Həkim yenilənən xəstəxanada müasir müalicə metodlarının tətbiqi ilə böyük uğurlara imza atılacağından əmindir. Yaxın gələcəkdə Sabunçu Tibb Mərkəzinin paytaxtın ən güvənilən tibb müəssisələrindən birinə çevriləcəyinə inanır: “Burada olmağımıza görə direktorumuz Nurəngiz xanıma təşəkkür edirəm, o uzmanlar üçün xəstəxanada hər cür şərait yaradır. Bizə lazım olan bütün dərman təchizatı həyata keçirilir. Tanıdığım həkim həmkarlarım biləndə ki, Sabunçu Tibb Mərkəzinə gəlmişəm, onlara qəribə görünürdü. Bildirirdlər ki, orada təminat, təchizat yoxdur niyə getmisən? Mən deyəndə ki, burada bizə hər cür şərait yaradılıb, təəccüblənirlər.

Hazırda burada uzman həkimlərdən ibarət komanda çalışır. Məndən başqa beyin cərrahımız Sait Mercan, ümumi cərrahımız Vasif Məmmdov, uşaq həkimimiz Jalə Mirzəyeva var. Müasir metodlardan, müalicə üsullarından istifadə etməklə çalışırıq. Bura gələndə rəhbərlik mənə dedi ki, Hacettepe Xəstəxanasında nə görmüsənsə, onları bura gətirək. Yeni reanimasiyamızda oksigen panelinə qədər hər şey oradakı ilə birəbir eynidir. Bu xəstəxanada çalışmaq dəstək olmasa mümkün deyil. Hamımız komanda olaraq bərabər çalışırıq. Biz təchizatı tamamladıqdan sonra yeni reanimasiyada, müasir əməliyyatxanada əməliyyatları həyata keçirəcəyik. Xəstəxanada ölüm hallarının sayını azaldacağıq. Müasir əməliyyatlarla Sabunçu xəstəxanasının köhnə adı üzərindən götürüləcək. Axıra qədər gedəcəyik ki, bu sterotipi qıraq”.

Bir müddətdir ki, tibb müəssisəsinə yeni rəhbərlik təyin olunub və həm maddi texniki bazanın, həm də həkim heyətinin yenilənməsi ilə bağlı işlərə başlanılıb. Bu proses ümumilikdə TƏBİB nəzdində olan bütün tibb müəssisələrində həyata keçirilir. İcbari tibbi sığortanın tətbiqi, TƏBİB-in yaradılması Azərbaycanın səhiyyə sistemində yeni mərhələnin və fundamental dəyişikliklərin əsasını qoyub.

Hazırda 3315 tibbi xidmətin göstərildiyi, ən ağır əməliyyatların dövlət hesabına qarşılandığı icbari tibbi sığorta sistemi işləyib-işləməməsindən asılı olmayaraq, hər kəs üçün əlçatandır. TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin müasir tibbi avadanlıqlarla təminatı və kadr islahatları nəticəsində ötən müddət ərzində stasionar cərrahi əməliyyat sayında 60% artım olub. Aylıq ortalama stasionar cərrahi əməliyyat sayı 10 mindən 16 minə qədər yüksəlib. Xarici ölkələrdə təhsil alan 79 həkim-mütəxəssis TƏBİB tabeliyindəki tibb müəssisələridə işə qəbul edilib. Bu sayın növbəti ildə bir qədər də artacağı gözlənilir. Yəqin ki, onların arasında xaricdə qazandığı qabaqcıl təcrübəni Sabunçu Tibb Mərkəzində öz xalqına xidmət etməklə faydalı əməyə çevirənlər də olacaq. Xəstəxanadakı uzman həkimlərin komandası daha da böyüyəcək. Həm də təkcə paytaxtda deyil, bölgələrdəki xəstəxanalarda da əhali onların təcrübəsindən faydalanacaq. İnsanlar çarə üçün Bakıya üz tutmaq məcburiyyətində qalmayacaq. Bölgə xəstəxanalarında da ən çətin durumda olanları vəziyyətdən çıxara biləcək təbib olacaq.

Yaşı az olsa da, əslində qəhrəmanımın hekayəsi çox böyükdür. Həm də ona görə böyük hesab edilməlidir ki, digər vətəndaşlara ümid ola bilsin. Elə Rəvanənin həkiminin dediyi kimi, Sabunçu xəstəxanasının köhnə adı üzərindən götürülsün. Xəstələrin psixoloji yükü azalsın, onlar artıq tibb ocağına qorxu içində yox, əminliklə ayaq bassınlar. 

Gülnar Əliyeva

Qeyd: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə…” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.



İstinadlar Qafqazinfo