“Xırdalan cəmi 17 kv/km ərazisi olan ərazicə kiçik bir yaşayış məntəqəsidir. Amma cəmi 1700 hektar kiçik ərazidə ən azı 250 min nəfərin yaşadığı barədə məlumat var. Rəsmi sənəd üzərində 110 min göstərilsə də, icra hakimiyyət sistemində çalışanlardan qeyri-rəsmi kanallarla öyrəndiyimə görə faktiki yaşayanların sayı 250 min nəfəri ötür. Başqa bir rəqəm də tapmışam – elektrik enerjisindən istifadə edən abonentlərin (yalnız əhali) sayı 50 mindən artıqdır”.

Bunu iqtisadçı ekspert Rövşən Ağayev öz feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, bu ərazidə yol infrastrukturu fəlakətli həddədir: “Tikdikcə tikiblər, amma normal yol-nəqliyyat infrastrukturunu yaratmaq, nəqliyyat növlərini şaxələndirmək heç kimin ağlının ucundan keçməyib. Bunlar artıq olub-keçən işlərdir, artıq geriyə dönüş yoxdur. Kimsə dar yollara bitişik 16-18 mərtəbəli binaları söküb normal genişlikdə prospektlər salası deyil bundan sonra.

Amma indi dözülməz olan odur ki, bütün taksilər dəstə ilə avtobus dayanacaqlarını zəbt edirlər. Avtobuslar da öz yerlərində sərnişin götürmək imkanı tapmadığına görə onsuz da dar olan küçələrdə maşınların hərəkət zolağında insanları düşürüb-mindirməyə məcbur qalırlar. Hərəkət zolağında avtobus dayanırsa, aydın ki, bütün hərəkət dayanır və böyük tıxaclar yaranır.

Nə hansısa nəqliyyata nəzarət orqanı, nə yol polisi bu problemi həll etməyə maraqlı görünmür. Hər gün on minlərlə insan normalda 5-10 dəqiqəyə tərk edə biləcəyi ərazini 35-40 dəqiqəyə güc-bəla ilə çıxıb Sumqayıt yolundakı növbəti tıxaca çata bilir”.

İqtisadçı müşahidələrinə əsasən qeyd edib ki, Xırdalan daxilində nəqliyyatın tənzimlənməməsinə, avtobusların dayanacaqda taksi əlindən özlərinə yer tapa bilməməsinə hansısa maraqlar “yaşıl işıq” yandırır: “Əks halda bu problemi həll etmək çox asandır: dayanacaqlara kameralar yerləşdirilir, avtobusların yerini zəbt edənlər anında cəzalandırılır.

Anlayıram ki, Xırdalanda avtobuslar çox pis işləyir və insanlar 1 manatlıq taksilərdən istifadə etməyə məhkumdurlar. Amma taksi dayanacaqlarının avtobus dayanacaqlarından 5-10 metr irəlidə məskunlaşması üçün də kifayət qədər imkan var”.

İstinadlar Qafqazinfo