Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində üç gündür gedən döyüşlərdə “yüzlərlə” insanı əsir götürüb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri anonimlik şərti ilə “The Washington Post”a açıqlayıb.

“Zelenskinin müşavirinin sözlərinə görə, ukraynalılar üç gün ərzində minlərlə insanın yaşadığı qəsəbələri geridə qoyub, yüzlərlə əsir götürüb, habelə Rusiyanın Macarıstan və Slovakiya ilə enerji əməliyyatları üçün istifadə etdiyi qazölçən stansiyasını ələ keçirib”, – nəşr yazır. “Sudja” qazölçən stansiyanın ələ keçirilməsini hələ avqustun 7-də Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” teleqram kanalı bildirmişdi.

Məmur USQ-nin Kursk vilayətinin 100 km² civarında ərazinin ələ keçirdiyini iddia edir.

“The Washington Post”un Rusiya rəsmilərinin və hərbi bloqçuların bəyanatlarına əsaslanan nəticələrinə görə, Kursk vilayətindəki döyüşlərdə “ABŞ və Almaniyanın zirehli maşınları və tankları ilə elit hücum briqadalarından olan” minə yaxın ukraynalı əsgər iştirak edir.

Qəzet yazır ki, Ukraynanın hücumu “Kiyevdəki bir çox rəsmilərin gözlədiyindən daha uğurlu olub”. İndi Kiyev Vaşinqtondan Ukrayna Silahlı Qüvvələrinə Rusiya təyyarələrinin cavab zərbələri endirmək məqsədilə istifadə etdikləri aerodromlara hücum etmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verməsini istəyir. Bunun Kursk vilayətinin bir hissəsinə nəzarəti saxlamağa imkan verəcəyi güman edilir.

“Bu, Rusiya ilə danışıqlar üçün lazım olan rıçaqları verəcək – məsələ budur”, – Zelenskinin müşaviri deyir.

İstinadlar Report