Fevralın 23-ü səhər saatlarında Martinikdən olan iki fərqli milli müstəqillik üzrə hərəkat partiyasının rəhbərləri “Air France” aviaşirkəti tərəfindən təyyarəyə buraxılmayıb. Onlar bizim, “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfransımızda iştirak etmək üçün İstanbula yola düşürdülər. Şirkətin nümayəndəsi onlara təyyarəyə minmələrinin bloklandığı ilə bağlı açıqlama verib. Lakin bununla bağlı heç bir hüquqi əsas və ya dəlil göstərilməyib.

 

Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib.

 

Bunun Fransa tərəfindən göstərilən ilk təzyiq olmadığını bildirən icraçı direktor deyib:

 

“Bundan əvvəl də dəfələrlə bu kimi hallar müşahidə edilib. Ötən il dekabrın 14-də Bakı Təşəbbüs Qrupunun İsveçrədə BMT-nin qərargahında keçirilən konfransına dəvət edilən QHT rəhbəri bir ingilis vətəndaşı da İsveçrənin hökumət nümayəndələri tərəfindən hava limanında saxlanılmışdı. Bu şəxsin Cenevrəyə daxil olmasına qadağa qoyuldu. O, eyni zamanda hüquqşünasdır.

 

Davam edən uzun müzakirələrdən sonra təyyarəyə buraxılmamasının səbəbi açıq şəkildə ona izah edildi və bildirildi ki, bu, Fransa hökumətinin İsveçrə hökumətindən bir xahişidir.

 

Bu təzyiqlər sonradan da davam etdi. Qeyd etdiyim kimi, daha iki fəalın İstanbuldakı tədbirimizə gəlişinin qarşısı alındı. Bundan sonra da bu kimi təzyiqlərin davam edəcəyini düşünürük.

 

Lakin bu qərəzli mövqe Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə verdiyi töhfə və dəstəyi əsirgəməsinə zərrə qədər təsir etməyəcək”.

İstinadlar Qafqazinfo