Milli Məclisdə “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsinə baxılacaq.

Layihənin 6-cı maddəsinə əsasən, göndərən ölkənin qüvvələri ev sahibi ölkənin ərazisinə gəliş və ev sahibi ölkənin ərazisindən gediş zamanı viza tələblərindən və ev sahibi ölkənin əcnəbilərin qeydiyyata alınması və nəzarəti ilə bağlı prosedurlardan azad olunur.

Göndərən ölkə şəxsi heyət və təchizat barədə məlumatları gəlişindən ən azı 60 gün əvvəl müvafiq forma ilə ev sahibi ölkəyə göndərir. Təlim başa çatdıqdan sonra göndərən ölkə tərəfindən təlim zamanı sərf edilən və ya itirilən istehlak mallarının siyahısı hazırlanır. Bu siyahı ev sahibi ölkənin hərbi qurumları tərəfindən təsdiq edilir və göndərən ölkənin qüvvələri tərəfindən ölkə ərazisinə giriş zamanı istifadə edilən bəyannaməyə əlavə olaraq çıxış nöqtəsində gömrük üzrə səlahiyyətli nümayəndəyə verilir.

Qeyd edək ki, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun məqsədi təlimin fəaliyyət sahələrinin təsis edilməsinə dair ümumi prinsip və prosedurları və qüvvələrə ev sahibi ölkə tərəfindən göstərilən və ya ev sahibi ölkə tərəfindən dəstəklənən təlimin dislokasiya, icra müddəti və dislokasiyanı dəyişmə mərhələləri ilə bağlı müddəaları müəyyənləşdirməkdir.

Layihəyə əsasən, anlaşma memarondumu tərəflər arasında bağlanmış 1992-ci il 11 avqust tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim – təhsil haqqında müqavilə” və 1996-cı il 10 iyun tarixli “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş”in müddəaları əsas götürülərək imzalanıb.

 

İstinadlar Qafqazinfo