ABŞ Prezidenti Donald Tramp Təhsil Nazirliyinin ləğvi prosesinə başlanması haqqında fərman imzalayıb.

“Təhsil Nazirliyinin yaradılmasından ötən 45 il sonra Birləşmiş Ştatlar təhsilə və bir şagirdə digər ölkələrdən daha çox pul xərcləyir. Buna baxmayaraq, biz uğur baxımından siyahının ən aşağısındayıq”, – Ağ Ev sahibi qeyd edib.

O,  təhsil katibi Linda Makmahona Təhsil Departamentinin (nazirlik – red) bağlanmasını asanlaşdırmaq və təhsil səlahiyyətlərini ştatlara qaytarmaq üçün bütün lazımi addımları atmağı tapşırıb.

Tramp deyib ki, departament yalnız federal tələbə kreditləri və qrantlarına nəzarəti davam etdirəcək. Trampın fərmanına rəğmən departamentin tamamilə ləğvi üçün Konqresin təsdiqi lazımdır.

Qeyd edək ki, 2024-cü maliyyə ili üçün Təhsil Nazirliyinə 238 milyard dollar ayrılıb. Bu, ümumi federal büdcənin 2%-dən azdır. Hazırda nazirliyin təxminən 4.4 min işçisi var.