“Təhsil krediti istehlak kreditlərindən fərqli olacaq. Əgər istehlak kreditində faizlər iki rəqəmli olursa, burada faiz dərəcəsi sıfıra yaxın, yəni çox cüzi və simvolik olacaq”.

Bu barədə təhsil naziri Emin Əmrullayev nazirliyin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, təhsil krediti universitet üçün 70-80 faiz maliyyə dayanıqlığı deməkdir. Fond dövlət büdcəsindən müəyyənləşir, nizamnaməsi 80 milyon manatdır. Gələcəkdə Fondun maliyyəsi digər mənbələrdən də artırıla bilər.

Nazir, həmçinin bildirib ki, tələbə hansısa səbəbdən kreditini ödəyə bilmirsə, ona müəyyən müddət möhlət hüququ verilə bilər.

“Kreditin verilməsi ilə bağlı Himayəçilər Şurası tərəfindən yuxarı hədd müəyyən olunacaq. Təhsil haqqının ən çox hansı faizi maliyyələşə bilərsə, həmin hissə ödənilə bilər. Sosial həssas əhali qrupu üçün bu, 100 faizdir. Standart qrupda isə yuxarı hədd vəziyyətdən asılı olaraq dəyişəcək”.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo