Təhlükəli “pitiminutka”lardan niyə imtina etmirik? – Video

Natamam yanma ve təmiz hava axınının təmin edilməməsi dəm qazı yaradır. Bəs su qızdırıcılarından (pitiminutka) istifadə edərkən nələrə diqqət etməliyik?
“Azəriqaz” İB bununla bağlı sosial çarx yayımlayıb.
Sözügedən maarifləndirici çarxda axımlı su qızdırıcılarından “axan” dəm qazını yaradan səbəblər haqqında məlumat verilib. Bildirilib ki, məqbul sayılmayan yerlərdə suqızdırıcı qurğuların quraşdırılması təhlükəlidir.
Daha ətraflı videoda:
Əvvəl sürücünü vurdu, sonra maşını ilə toqquşdu – Video

Düzgün qablaşdırılmayan yük faciəyə səbəb olub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, ötən gün saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən, yükün dağılmasının qarşısını almaq məqsədilə nəqliyyat vasitəsini sol hərəkət zolağında dayandıraraq avtomobildən düşüb.
Bu zaman həmin zolaqda hərəkətdə olan “Avatr” markalı avtomobilin sürücüsü Pərviz Qəribov, güclü külək səbəbindən dağılmaqda olan yükü saxlamağa çalışan S.Zeyniyevi vurub və dayanmış avtomobillə toqquşub. Nəticədə Süleyman Zeyniyev hadisə yerində həyatını itirib, onun sərnişini – həyat yoldaşı isə xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xəbərdarlıqlara laqeyd yanaşmamağa, baqaj daşınması qaydalarına ciddi riayət etməyə, məcburi dayanma zamanı mütləq zəruri təhlükəsizlik tədbirləri görməyə, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamağa çağırır!
“Kəndli yarmarkası” bağlandı – Video

Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən “Azər-Aqro LTD” Şirkətinə məxsus “Kəndli yarmarkası” adlı obyektin fəaliyyəti dayandırılıb.
Bununla bağlı FHN məlumat yayıb.
Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən obyektdə yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
– obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;
– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
– pilləkən qəfəsinin tavan konstruksiyasının bəzədilməsində yanar material olan lambirindən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;
– yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
– obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən “Azər-Aqro LTD” Şirkətinə məxsus “Kəndli yarmarkası”nın inzibati binasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
FHN Bakıda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən “Azər-Aqro LTD” Şirkətinə məxsus “Kəndli yarmarkası”nda keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlayıb.
FHN-dən verilən məlumata görə nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bildirilib ki, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Bu səbəbdən yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 27-də və 28-də Tovuz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə Tovuz şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Tovuz Rayon Polis Şöbəsində Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa rayonlarından və digər bölgələrdən qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarına xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Vətən müharibəsinin 36 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 191 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib – VİDEO

Müdafiə Nazirliyinin (MN) illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində xüsusi təyinatlı hərbi hissələrin birində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.
Bu barədə MN-dən məlumat verilib.
Bildirilib ki, hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Təlim mərkəzində keçirilən praktiki məşğələlər zamanı iştirakçılar xüsusi təyinatlı bölmələrin arsenalında olan atıcı silahlar və bəzi hərbi avadanlıqlarla tanış olduqdan sonra onların istifadə qaydalarını öyrənərək məşq edib, eləcə də atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.
Sonra tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyət ilə taktiki və kəşfiyyat hazırlıqları üzrə məşğələlər keçirilib.
Praktiki məşğələlər zamanı iştirakçılar təyin edilmiş əraziyə çıxış, qruplar halında gizlin hərəkət etmə üsulları, düşmən obyektinə yaxınlaşma, pusqunun qurulması və şərti düşmən texnikasının şəxsi heyətlə birgə ələ keçirilməsi, eləcə də digər təlim tapşırıqlarını icra ediblər.
Şahdağa qar yağır – Video

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış, Şahdağa isə qar yağır.
Belə ki, düşən yağıntının miqdarı Quba və Qusarda 10, Xaltanda 5, Şəki, Qrız və Şabranda 4, Oğuz, Qəbələ, Altıağac, İsmayıllı, Yardımlı, Astara, Ağdam, Qax, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Sabirabad, Cəlilabad, Neftçala, Kəlbəcər, Laçın, Şuşa, Xankəndidə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Naftalanda 22, Neftçalada 20, Göyçay və Bərdədə 16 m/s-yə çatır.
Dənizdə dalğanın hündürlüyü 3.4 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 15, Aran rayonlarında 17, dağlıq rayonlarda isə 8 dərəcəyədək isti qeydə alınıb.
İnəyini apara bilməyən Nisənin saldığı kənd… – Videoreportaj

Hələ aprelin əvvəlləri idi. Sosial şəbəkələrdə yayılan bir video diqqətimizi çəkdi. Üzərində bu sözlər yazılmışdı: “Bura İsveç deyil, Yardımlının Nisəqala kəndidir”.
Dağlarla əhatələnmiş, sıx meşəli, göy yaylaqlı bu kəndə elə videoya baxarkən aşiq olduq. Mütləq gedib kəndi görməli idik. Lakin yağmurlu hava şəraitinə görə səfərimizin vaxtı yubandı, bu günlərə təsadüf etdi.
“Qafqazinfo” olaraq budəfəki yolumuz təkcə gözəl təbiəti ilə deyil, həm də qədimliyi ilə seçilən Nisəqala kəndinədir.
Bizi kəndə dağların ətəyi ilə burulan yollar aparır. Yolboyu çəmənlikləri sarı çiçəklər və lalələr bəzəyib. Kəndin kələ-kötür yolları ilə mərkəzinə doğru gedirik. Bura həm təbiətin gözəlliyi, həm də tarixlə bu günün birləşdiyi nadir yerlərdən biridir. Kənddə müasirliklə yanaşı, keçmişin izlərini daşıyan evlər, daş yollar və illərin toxunmadığı mənzərələr var. Sanki burada zaman bir az ləngiyib. İkigünlük səfərimizin ilk günündə kəndin ətrafında gəzdik, buranın sakinləri ilə həmsöhbət olub gündəlik həyatları ilə tanış olduq.
249 evin yerləşdiyi Nisəqalada 1350 nəfər sakin yaşayır. Kənd ağsaqqallarından olan 70 yaşlı Şakir Sultanov bu kənddə doğulub-böyüyüb. Şakir baba deyir ki, kəndin yaranma tarixi 1700-1750-ci illərə təsadüf edir: “Kökü Milə kəndi olub. Ora Nisəqaladan təxminən 1 km aralıda yerləşir. Bir talanın içində olan həmin ərazidə hazırda yaşayan yoxdur, lakin orada qədim qəbirlər qalıb. Kəndin oradan buraya köçməsi isə Nisə adlı bir qadınla bağlı olub. Belə ki, həmin qadının inəyi bu kəndin ərazisində olan bulağın yanına gəlib qalırmış. Qadın nə qədər çalışsa da, inəyini apara bilmirmiş. Buna görə də məcbur olub özü də burada məskən salıb. Digər kənd sakinləri də onu tək qoymamaq üçün yanına köç ediblər. Milə kəndində qalan qəbiristanlıqdakı müqəddəs ocaq- VII İmam Museyi Kazım Əleyhisalamın nəvəsi Seyid bəy Musəvinin qəbri toxunulmazdır. İnsanlar ona inanır, hər hansı arzu-diləkləri olarsa, gedib niyyət edir, nəzir verirlər. Əfsanəyə görə, həmin ocaq ilanlar tərəfindən qorunur. Ora gedib nəsə gətirmək istəsən, ilanlar imkan verməz. Götürdüyün hər nədirsə, onu yerə qoymayana qədər dalınca gələrlər. Ona görə də heç kim oradan bir çöp belə gətirmir. Əksinə, nəzirlər aparırlar, qurbanlar kəsirlər”.
Müsahibim deyir ki, bura gələn qonaqlar kəndi zəmanənin cənnəti adlandırırlar. Nisəqala kanyonu turistlərin ən çox üz tutduğu məkanlardandır.
59 yaşlı Şəhla İsgəndərova kəndin zəhmətkeş qadınlarındandır. Onun qapısını döyəndə elə çörək bişirməyə hazırlaşırdı. Burada hamı qış-yay demədən, öz evində təndirə çörək yapır. Kənd camaatı ruzi-bərəkətin bol olmasına səbəbi də elə bunda görür: “Təkcə toyda, yasda mağazadan çörək almağa ehtiyac olur. Qalan vaxt hamı özü bişirir. Unu da dəyirmanda üyüdürük. Kənddə hamı özü əkib-becərir. Ona görə də nəinki çörək, heç kartof-soğan və digər tərəvəzləri də mağazadan almırıq. Burada nə oğurluq olur, nə də başqa bir şey. İnsanlarımız qonaqpərvər, mehribandırlar. Kənd 5 tayfanın üzərində qurulub. Amma heç bir ayrı-seçkilik yoxdur. Hamı bir-biri ilə qohum olub. Kəndimizdə qızlar açıq-saçıq geyinməzlər. Burada böyüyün sözünə çox önəm verilir. Ata-ana nə desə, övlad onu dinləyər”.
Şəhla xanımın 3 oğlu, bir qızı var. Övladları artıq ailə sahibidir və şəhərdə yaşayırlar. Eyni zamanda oğullarından biri – 28 yaşlı Hikmət Kərimli valideynləri ilə birlikdə Nisəqalada qalır. İllərdir kənd təsərrüfatı ilə məşğul olan kəndli, həm də bələdçilik edir. Adətən həftə sonları bu kəndə üz tutan turistləri 5 ildən çoxdur ki, Hikmət qarşılayır: “İllər öncə Qəbələ rayonuna səfər etmişdim. Orada məndən hansı rayondan olmağımı soruşdular. Buralar haqqında məlumat verəndə dedilər ki, belə bir yerin olduğunu bilmirlər. Bundan sonra gəlib instaqramda bir səhifə açdım və rayonumuzun, kəndimizin gözəlliklərini çəkərək yerləşdirdim. Bununla da kəndimiz tanınmağa başladı. İlk dəfə bura gələn turist isə Amerikadan olub. Deməli, səhifəmdə görüblər və gəlib soruşublar ki, Azərbaycanda belə bir yer var, ora getmək istəyirik. Turistlərə belə bir yerin olmadığı deyilib. Sonra elə səhifəmə yazdılar, gəldilər və aparıb onları gəzdirdim”.
Kəndin sakitliyini təbiətin səsi pozur. Torpağın qoxusu, quşların səsi və çayın şırıltısını şəhərdən gələn qonaqlar üçün əsl terapiya hesab etmək olar.
Hikmət bəy kəndə bu qədər qonağın gəlməsini sakinlər üçün çox faydalı hesab edir: “İlk zamanlar kənd camaatı qəribə qarşılayırdı. Onlar üçün bu tanış mənzərə deyildi. Lakin zamanla öyrəşdilər. Öz toyumda da turistlər iştirak etdilər. Bütün gün yeyib, rəqs etdilər. Bu onlara da, kənd camaatına da maraqlı idi. Bir turun gəlməsi ilə 8-10 ailəyə xeyir dəyir. Onlar adətən süd, qatıq, pendir, yağ, yumurta, kartof, soğan və evdə hazırlanan kompotlar alırlar”.
Artıq 10 ildir ki, arıçılıqla məşğul olan 72 yaşlı Mübariz Şahbazov isə ailə büdcəsinə kömək üçün arı saxlayır: “Əgər kənddə yaşayırsansa, mütləq təsərrüfatın olmalıdır. Həm əkinlə, həm də maldarlıqla məşğul olmalısan. Bu gün kəndə gələn qonağı üzüağ qarşılaya bilirik. Bizim kənddə hamı hər işlə məşğul olur, hər şey əkir-becərir. İl olur ki, havalar şaxtalı keçir və bağ məhsulu yaxşı olmur. Bu zaman maldarlıqdan qazanc əldə edirik”.
Kəndlilərin ən çox əziyyət çəkdiyi məqam isə kənd yollarının bərbad halda olmasıdır. Yağış, qar yağanda yarı yolda qalırlar. Elə kəndə gələn qonaqlar da bu məsələdə çətinliklə üzləşirlər.
Yardımlının Nisəqala kəndinə olan səfərimizin ikinci günündə sübhdən qalxıb kəndi qarış-qarış gəzdik, yeni insanlarla tanış olduq. Həmsöhbət olduğumuz 85 yaşlı Muğanqız nənənin danışdıqları, keçmişə dair xatirələri, səsi və baxışları sanki bir dövrün aynası idi: “Keçmişdə adətlər başqa idi. Amma indiki zaman daha yaxşıdır, bolluqdur. Qızlar oxuyur, təhsil alır. Mən həmişə deyirəm, kimin qız uşağı varsa, mütləq oxutsun. Qız özü öz çörəyini çıxarsın, heç kimə minnətkar olmasın”.
Əvvəllər bu kənddə qızlar təhsillərini davam etdirə bilmirmişlər. Lakin son 5 ildə bu yöndə də inkişaf var. Belə ki, artıq qızlar da yüksək nəticə göstərərək universitetə qəbul olur və təhsil almaq üçün Bakıya üz tuturlar. Bu da digər məktəblilərin yoluna sanki mayak olur. Kənddə yerləşən Əmin Hacıyev adına Nisəqala kənd tam orta ümumtəhsil məktəbində uşaqların təhsilə olan marağı, müəllimlərin əzmi bizi ümidləndirir.
191 şagirdin təhsil aldığı bu məktəb 2008-ci ildən fəaliyyət göstərir. Kənd sakinləri düşünür ki, qızların məktəbi bitirən kimi evlilik deyil, təhsil, iş düşünməsinə kömək edən amillərdən biri də məhz bura gələn turistlərdir. Xüsusilə qadın turistlərin kəndə səfəri həm valideynlər, həm də gənc qızlar üçün bir stimuldur.
Nisəqala bu gün qədim küçələri, sadə insanları ilə ziyarətçilərini qarşılayır. Vaxt elə bil burada başqa cür axır. Sanki dünya bir anlıq dayanır və hər şeyin əslində nə qədər sadə, nə qədər gözəl olduğunu xatırladır.
Lamiyə Məmmədova
Foto-Video: Xəyal Vəlizadə
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.
“Report” icmalı təqdim edir:
Roma Papası dəfn olundu – Video

Roma Papası Fransisk bu gün dəfn ediləcək.
Artıq insanlar dəfn mərasiminin keçiriləcəyi Müqəddəs Pyotr meydanına buraxılmağa başlayıb. Ümumilikdə meydana 1 milyona yaxın insanın toplaşacağı gözlənilir.
Son bir neçə gün ərzində təxminən 250 minə yaxın insanın Papa ilə vidalaşmaq üçün Müqəddəs Pyotr bazilikasını ziyarət etdiyi deyilir.
Fransisklə vidalaşmağa müxtəlif ölkələrdən 130-dan çox nümayəndə heyəti gedib.
Qeyd edək ki, Papa Fransisk aprelin 21-i 88 yaşında vəfat edib. O, Santa Maria Maggiore bazilikasında dəfn olunacaq.
***
Roma Papasının dəfn mərasimi başlayıb.
***
Vatikanda Papa Fransiskin dəfn mərasimi başa çatıb.
Roma Papası dəfn olunur – Canlı – VİDEO

Roma Papası Fransisk bu gün dəfn ediləcək.
Artıq insanlar dəfn mərasiminin keçiriləcəyi Müqəddəs Pyotr meydanına buraxılmağa başlayıb. Ümumilikdə meydana 1 milyona yaxın insanın toplaşacağı gözlənilir.
Son bir neçə gün ərzində təxminən 250 minə yaxın insanın Papa ilə vidalaşmaq üçün Müqəddəs Pyotr bazilikasını ziyarət etdiyi deyilir.
Fransisklə vidalaşmağa müxtəlif ölkələrdən 130-dan çox nümayəndə heyəti gəlib. Azərbaycanı dəfn mərasimində Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.
Qeyd edək ki, Papa Fransisk aprelin 21-i 88 yaşında vəfat edib. O, Santa Maria Maggiore bazilikasında dəfn olunacaq.
***
Roma Papasının dəfn mərasimi başlayıb.
Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi dəniz kənarında inşa edilən qanunsuz tikilini söküb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare” MMC tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Daha bir kosmetoloqdan şikayət – “Ayağımdan irin axır” – VİDEO

Ayağına prosedur etdirən paytaxt sakini Zarina Minkovskaya aylardır ki, irin axdığını iddia edir.
Şikayətçi deyir ki, görünüşü yaxşı olsun deyə 5-6 il əvvəl “VMR Estetik” klinikasının kosmetoloqu Gülsüm Əliyeva tərəfindən onun ayağına gel vurulub.
Ötən il isə o yenidən həmin həkimə eyni prosedur üçün müraciət edib. Amma bu dəfə prosedurun gel ilə yox, başqa formada ediləcəyini deyiblər.
Vətəndaş bildirir ki, prosedurdan sonra iki ayağınında çox şiddətli ağrılar olub. O, özü müayinəyə gedib.
Zarina Minkovskaya iddia edir ki, həmin müddətdə yeriyə bilmədiyinə görə işini itirib. O bildirir ki, kosmetoloq cərrahi prosesin ödənişini öz üzərinə götürsə də, sadəcə xəstəxana ödənişini edib.
Məsələ ilə bağlı suallara özünü klinikanın hüquqşünası kimi təqdim edən Seyid Həsənov cavab verib. O bildirdi ki, Zarina Minkovskayanın açıqlamalarının çoxu həqiqətə uyğun deyil:
“Gülsüm Əliyeva kosmetoloqdur, o, pasiyent üzərində heç bir cərrahi əməliyyat aparmayıb, prosedur edib. Sadəcə Zarina Minkovskaya prosedurdan sonra olan gigiyena qaydalarına əməl etməyib. Biz bütün açıqlama, videogörüntülərlə bağlı aidiyyəti orqanlara müraciət etmişik. O xanımı öyrədiblər, məsələləri təhrif edir. Pasiyentin ödəniş xərcləri Gülsüm Əliyeva tərəfindən qarşılanıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yekun qərar çıxanda, təqdim edəcəyik”.
“Xəzər TV”nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
Qaradağda su basan qəbiristanlıqdan – Video

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində qəbiristanlığı su basıb.
Bununla bağlı “Qafqazinfo”ya həmin qəsəbədə yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, ötən həftə yağan intensiv yağışdan sonra qəbiristanlıq tamamilə suyun altında qalıb.
Sakinlər, həmçinin ərazidən videogörüntülər yollayıblar. Həmin videodan da məzarların su altında qaldığı aydın olur.
Problemlə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Güclü külək və leysan yağışları nəticəsində Qaradağ rayonunun Sahil qəsəbə inzibati ərazi dairəsində yerləşən qəsəbə qəbiristanlığını su basıb. Yağış suları subasmış ərazilərdən Qaradağ Rayon İcra Hakimiyyəti və Sahil bələdiyyəsi tərəfindən cəlb edilmiş xüsusi aqreqatlar və nasoslar vasitəsilə çəkilib”.
Gülnar Əliyeva
Suyun qurudulmasından sonrakı vəziyyət:

Prezident Çində belə qarşılandı – Video

Məlum olduğu kimi, Prezident İlham Əliyev Çində səfərdədir.
“CBC TV”inin aparıcısı Elena Kosolapova sosial şəbəkə hesabında Azərbaycan Prezidentinin Pekində rəsmi qarşılanma mərasimindən görüntülər paylaşıb.
Həmin görüntüləri təqdim edirik:
Sahibə Qafarova deputatın bu çıxışına etiraz etdi – Video

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun müzakirəsi zamanı deputat Səyyad Salahlının çıxışı birmənalı qarşılanmayıb.
Deputatın “Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar” deməsinə spiker Sahibə Qafarova etiraz edib.
“Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilə bunlar?! Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır, siz nə danışırsınız?!” – S.Qafarova bildirib.
Günəbaxan emalı sexi bağlandı – Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tərtər rayonu, Düyərli kəndində yerləşən günəbaxan emalı sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və standarta uyğun olmayan elektrik qızdırıcı cihazlardan istifadə edilir;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb;
– anbar yanar tullantılardan təmizlənməyib;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
– obyektin ərazisində Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan tikinti quraşdırma işləri aparılıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Tərtər rayonu, Düyərli kəndində yerləşən günəbaxan emalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Həmçinin baxın
Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib – VİDEO
FHN intensiv yağışların yaratdığı fəsadları aradan qaldırılması işlərini davam etdirir – VİDEO
FHN Şamaxıda fəaliyyət göstərən şadlıq evinin fəaliyyətini dayandırıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla