“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Təbiəti də sağaldaq” devizi altında TƏBİB mövsümü ağacəkmə aksiyalarına başlayıb
Sabunçu Tibb Mərkəzində keçirilən mövsümün ilk ağacəkmə tədbirində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, TƏBİB-in İcraçı direktorunun müavinləri, struktur bölmə rəhbərləri, Sabunçu Tibb Mərkəzinin əməkdaşları və tibb müəssisəsində fəaliyyət göstərən şəhid ailələrinin üzvləri iştirak edib.
Aksiya çərçivəsində tibb müəssisəsinin inzibati ərazisində həmişəyaşıl ağaclar əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Məlumat üçün bildirək ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən mövsümü ağacəkmə aksiyaları qarşıdakı günlərdə bütün tabeli tibb müəssisələrində də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.