TƏBİB kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

verilən məlumatda qeyd edilib ki, araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib. Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompüterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb.

Bu zaman hamiləlik sözünü silməyi unudub. Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib. İlkin Əzməmmədov bunu öz izahatında da təsdiqləyib.