TƏBİB bir neçə gün əvvəl dünyasını dəyişən Xalq artisti Teymur Mustafayevin koronavirusdan öldüyünü bildirsə də, ailə üzvləri və sənət dostu Yusif Mustafayev onun şəkərli diabetdən həyatını itirdiyini deyib. Yusif Mustafayev mətbuata verdiyi açıqlamada koronavirusdan öldüyü iddia olunan xanəndənin ailə üzvlərindən heç kimin COVID-19 testi olmadığını bildirib.

Əməkdar artist Yusif Mustafayev bu gün isə mediaya bildirib ki, COVİD-19 testi vermədiyini, mərhum Xalq artistinin dəfn mərasiminin qaydalara uyğun şəkildə keçirildiyini bildirib:

“Dünən mən gedib dəfndə iştirak etdim. Heç xəbərim yox idi. Mənə zəng etdilər, dedilər ki, Yusif, vəziyyət budur. Mən də ondan sonra yola düşdüm, getdik, 15 dəqiqəyə dəfn edib qayıtdıq. Dəfn mərasimində də bütün qaydalara riayət olunurdu. Hamı sosial məsafəni saxlayırdı. Gələnlər də gəldi həyətə girib, başsağlığı verib çıxdılar. Nə çay, nə çörək verildi, mərasimdən sonra da hamı dağılışıb getdi”.

Sənətçi T.Mustafayevlə ölümündən əvvəl görüşmədiyini deyib:

“Dəfndən əvvəl, tövbə görüşməmişik. Üç balam var, onların canı üçün görüşməmişik. Teymur müəllimin xəstə olduğunu bilmirdim. Məndən soruşdular ki, Teymur müəllim rəhmətə gedib? Dedim vallah, bilmirəm. Oğluna zəng etdim, götürmədi, öz nömrəsinə zəng çatmırdı, ora-bura zəng etdim, maraqlandım, axırda öyrəndim ki, dünyasını dəyişib. Görüşə bilmədik heç. Dedilər ki, Yeni klinikada olub, sonra ordan morqa gətiriblər, daha sonra da qaydalara uyğun şəkildə yumuşdular, sonra da dəfn elədilər. Biz də dəfnə getdik uzaqdan dayandıq. Dünən saat üçdə artıq Bakıda idim, qayıtmışdım. Onu nəvəsi yazıb ki, şəkərdən rəhmətə gedib. Uşaqdır, nə bilir ki… TƏBİB deyirsə koronavirusdur, deməli elədir. O boyda həkimlər müəyinə ediblər biliblər. Yalandan deməyəcəklər ki, koronavirusdur? Olub ki, deyiblər”.

İstinadlar Y/sabah