Azərbaycanın avtomobil yollarında şütüyən tanınmış maşın brendlərinin Çin variantlarının sayı getdikcə artmaqdadır.

Söhbət əsasən Yaponiya və Cənubi Koreyanın aparıcı avtomobil istehsalçılarının (“Toyota”, “Nissan”, “Hyundai”, KİA”) markalarının Çində istehsal edilmiş modellərindən gedir.

Bir qayda olaraq həmin avtomobilləri Azərbaycana rəsmi dilerlər gətirmir. Onların ölkəyə idxalı ilə müxtəlif avtomobil salonları, eləcə fərdi şəxslər məşğul olur və ənənəvi variantlarla müqayisədə Çin variantları azı 5 min manat ucuz təklif olunur. Bəs belə maşınlara etibar etmək olarmı? “Report” mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev maşınların Çin variantlarının ucuz olmasını müxtəlif səbəblərlə izah edir: “Rəsmi diler avtomobil gətirəndə gömrükdə bütün rüsumları, vergiləri, eləcə də xidmət xərclərini ödəyir. Fərdi idxalda isə bəzi hallarda bu ödəmələrdən və xərclərdən qismən qaçmaq mümkündür. Bundan başqa, rəsmi idxalda istehsalçının verdiyi zəmanət qeyri-rəsmi idxalda ya ümumiyyətlə olmaya, ya da məhdud ola bilər. Son nəticədə ənənəvi variantla Çin variantı arasında qiymət fərqi yaranır”.

Onun sözlərinə görə, Çin variantına pul vermiş müştəri avtomobilə texniki xidmət məsələsində də çətinliklərlə üzləşə bilər: “Rəsmi diler satdığı maşına verdiyi zəmanətə uyğun olaraq 3-5 il ərzində mühərrikdə və sürət qutusunda yaranan problemləri ödənişsiz həll edir. Çindən gətirilən avvtomobillərə rəsmi servislərdə ödənişli xidmət göstərilməsi belə problem ola bilər. Bu, əsasən ehtiyat hissələrinin uyğunluğu və servis personalının həmin modellərə dair məlumatlılıq səviyyəsi ilə bağlıdır. Rəsmi qaydada idxal edilən avtomobillər üçün ehtiyat hissələri və texniki məlumatlar rəsmi servis mərkəzlərində mövcuddur, fərdi idxalda isə bu cür hissələrə və məlumatlara çıxış məhdud ola bilər”.

Azərbaycana avtomobil idxalı ilə məşğul olan iş adamı Elnar Rzazadə isə deyir ki, rəsmi qaydada ölkədə idxal edilən avtomobillə, adətən, Azərbaycanın texniki tələblərinə uyğun olaraq sertifikatlaşdırılır: “Bu, avtomobilin təhlükəsizlik standartlarına, ekoloji normalara və digər yerli tələblərə cavab verdiyini göstərir. Fərdi qaydada idxalda isə sertifikatlaşdırmaya əməl edilməyə bilər, bu da müəyyən hallarda avtomobilin dövlət qeydiyyata alınmasında və yaxud istifadə olunmasında çətinliklər yarada bilər. Yəni, Çindən fərdi şəkildə gətirilən avtomobillər, bəzən yerli bazar üçün nəzərdə tutulmayan spesifikasiyalarda ola bilər. Bu, avtomobilin texniki göstəricilərindən tutmuş, interyer və eksteryer dizaynına qədər fərqli cəhətləri əhatə edə bilər. Rəsmi distribyutorlar isə adətən, yerli bazarın tələblərinə uyğun modifikasiyalı avtomobilləri idxal edir”.

İstinadlar Report