Türkmənistan Tacikistanın ən iri dövlət sənaye müəssisəsi olan TALKO aliminium şirkəti üçün nəzərdə tutulmuş yükləri öz ərazisindən buraxmır. “Azadlıq” radiosunun tacik xidməti xəbər verir ki, artıq bir aydan çoxdur ki, TALKO şirkəti üçün yükləri daşıyan nəqliyyat şirkətinin TIR-ları İran-Türkmənistan sərhədində saxlanılıb və bu ölkənin ərazisinə buraxılmır.

Məlumata görə hazırda TALKO şirkəti öz məhsullarını ixrac etmək və xammal daşımaq üçün alternativ marşrutlar axtarır. “Mənə məlum olduğuna görə TALKO boksitin Azərbaycan ərazisi üzərindən Tacikistana Xəzər dənizindəki qazax limanlarından biri vasitəsilə daşınması üçün danışıqlar aparır”-nəqliyyat şirkətindəki mənbə deyib.

Boksitlər mühüm aliminim filizidir və dünya aliminium sənayesi bu xammalın üzərində qurulub. TALKO şirkəti habelə Türkmənistandan xammal kimi neft koksu alır.

MDB nəqliyyatçıları Hökumətlərarası şurasının Katibliyinin rəhbəri Buri Karimov isə deyib ki, bu günlərdə Daşkənddə keçirilmiş konfransda Türkmənistan sərhədində yük maşınlarının yığılıb qalması müzakirə olunub. Bundan sonra Türkmənistan hakimiyyəti Tacikistan üçün yük aparan Türkiyə TIR-larının keçməsinə icazə verib, amma Tacikistan nəqliyyat şirkətlərinə aid olan yük maşınları hələ də sərhəd məntəqələrində qalmaqdadır.

Oxumağa dəyər:   Ermənistan Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam veriləcək

Bundan əvvəl Tacikistanın Nəqliyyat Nazirliyi yük maşınlarının sürücülərinə alternativ marşrutdan istifadə etməyi-Bakıya qədər gedib oradan Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau limamına keçməyi, daha sonra Qazaxıstan və Özbəkistan üzərindən Tacikistana istiqamət almağı məsləhət görmüşdü.

Lakin tacik yükdaşıyanlar üçün bu dəhlizdən istifadə etmək sərfəli deyil, çünki tariflər yüksək sayılır. Nəqliyyat Nazirliyindəki mənbə anonimlik şərti ilə deyib ki, Tacikistan hökuməti bu günlərdə Bakıdan Azərbaycan üzərindən yüklərin tranziti üçün tarifləri aşağı salmağı xahiş edib.

Türkmənistan gömrükçüləri bu ilin avqust ayından Tacikistan yük maşınlarını ölkəyə buraxmır. İran-Türkmənistan sərhədində gözləyən TIR sürücüləri deyirlər ki, onlara Türkmənistan tərəfi heç bir səbəb göstərmir. Aşqabad isə Tacikstanın Nəqliyyat Nazirliyinin rəsmi məktubuna cavab olaraq TIR-ların “təhlükəsizlik nöqteyi-nəzərindən buraxılmadığını” göstərib. Amma bunun nə demək olduğunu izah etməyib.

Türkmənistanla Tacikistan arasında gərginlik özünü Düşənbədə sentyabrın 27-28-də keçirilmiş MDB sammiti zamanı da göstərib. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov sammitə qatılmayıb və at yarışına baxmağa gedib. Baxmayaraq ki, MDB-yə sədrlik Tacikistandan Türkmənistana keçirdi.

İstinadlar Virtualaz.org