“Bizim əqidəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur”.

Bunu Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 10-da Bakıda Azərbaycan Prezidenti İlham Əlyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

“Ənənəvi qarşılıqlı anlaşma mühitində keçən danışıqların gedişində biz BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional birliklər çərçivəsində də qarşılıqlı fəaliyyətimizin perspektivlərini müzakirə etdik. Biz ölkələrimizin ümumi mövqedən çıxış etdiyi Əfqanıstan problemini müzakirə etdik. Biz Əfqanıstanda sülhün və sabitliyin dirçəldilməsi məqsədlərinə sadiqliyimizi təsdiq etdik, həmçinin beynəlxalq terrorizm, ekstremizm, radikal dini ideologiya, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və digər çağırışlar və təhlükəsizliyin təhdidləri ilə mübarizədə gələcəkdə də əməkdaşlığı inkişaf etdirməyə tərəfdar olduğumuzu bildirdik. Xüsusilə qeyd etmək istərdim ki, bütün bu məsələlər üzrə bizim mövqelərimiz üst-üstə düşür. Bu da həmin istiqamətdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yaxşı təməldir. Biz Cənubi Qafqazda cərəyan edən proseslər üzrə fikir mübadiləsi də apardıq. Biz mövcud ziddiyyətlərin və münaqişələrin hamılıqla tanınan beynəlxalq normalar və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsipinə qəti sadiqliyimizi ifadə edirik. Bizim əqidəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur”, – Tacikistanın dövlət başçısı qeyd edib.