Suriya’nın müvəqqəti prezidenti Əhməd əl-Şaraa və özünü ‘Suriya Demokratik Qüvvələri’nin rəhbəri kimi təqdim edən Məzlum Abdi bazar ertəsi, kürd silahlı qrupların Suriya dövlət qurumlarına inteqrasiyası üzrə tarixi razılaşma imzalayıb.

Şaraa ilə Abdi arasında keçirilən görüşdən sonra Suriya Prezident ofisinin verdiyi bəyanata görə, “şimal-şərqi Suriya [Rojava] regionundakı bütün mülki və hərbi qurumların, sərhəd keçidlərinin, hava limanının və neft-qaz yataqlarının Suriya dövlətinin mərkəzi hakimiyyətinə inteqrasiya olunması” üzrə razılaşma əldə edilib.

Bəyanatda qeyd olunur ki, “icra komitələri ilin sonundan gec olmayaraq razılaşmanın şərtlərinin tətbiqini başa çatdırmalıdır”

Eyni zamanda bəyanat, “Kürd icmasının Suriya dövlətinə məxsus olduğunu və bu icmanın vətəndaşlıq hüququnu, eləcə də bütün konstitusiya hüquqlarınının dövlət tərəfindən tanındığını” vurğulayıb.

Tarixi razılaşma ilə bağlı Suriya Prezident ofisinin bəyanatının tam tərcüməsi isə aşağıdakı kimidir:

  1. Bütün suriyalıların, dini və etnik mənsubiyyətindən asılı olmayaraq, qabiliyyətlərinə əsaslanaraq siyasi prosesdə və dövlətin bütün qurumlarında təmsilçilik və iştirak hüquqlarının təmin edilməsi.
  2. Kürd icmasının Suriya dövlətinə məxsus olması və Suriya dövlətinin bu icmanın vətəndaşlıq hüququnu və bütün konstitusiya hüquqlarını təmin etməsi.
  3. Bütün Suriya ərazilərində atəşkəsin təmin edilməsi.
  4. Şimal-şərqi Suriya regionundakı bütün mülki və hərbi qurumların – sərhəd keçidləri, hava limanı və neft-qaz yataqları da daxil olmaqla – Suriya dövlətinin nəzarətinə inteqrasiya edilməsi.
  5. Bütün qaçqın suriyalıların öz şəhər və qəsəbələrinə qayıdışının və Suriya dövləti tərəfindən qorunmalarının təmin edilməsi.
  6. Əsədin qalıqlarına, ölkənin təhlükəsizliyi və birliyinə yönəlmiş bütün təhdidlərə qarşı mübarizəsində Suriya dövlətinin dəstəklənməsi.
  7. Suriya cəmiyyətinin bütün təbəqələri arasında bölünmə, nifrət nitqi və parçalanma cəhdlərinin qəbuledilməz olması.
  8. İcra komitələrinin ilin sonuna qədər razılaşmanın şərtlərinin tətbiqi təmin etməsi.