Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu haqda XİN məlumat yayıb.

13 nəfəri uşaq və 3 nəfəri qadın olan repatriantların ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub. Onların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edildikdən sonra Türkiyə ərazisindən tranzit keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam olunub, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin edilib.

Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib. 24 noyabr 2022-ci ildə isə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Azərbaycan hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

“Qeyd edək ki, bu günədək İraq və Suriyadan 380 uşaq və 29 qadın olmaqla cəmi 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib.

Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində xarici ölkələrdə çətin vəziyyətə düşmüş Azərbaycan vətəndaşlarının repatriasiyasına dair zəruri tədbirləri gələcəkdə davam etdirəcək”, – XİN-dən bildirilib.

İstinadlar Qafqazinfo