Vətən müharibəsi şəhidi Nazim Kirxlarovun anım günündə onun adının əbədiləşdirilməsi üçün ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsində inşa edilmiş bulaq abidə kompleksinin açılış mərasimi keçirilib.

Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, şəhid ailələri və qazilər, şəhidin doğmaları və yaxınları iştirak edib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən Nazim Kirxlarova və onun timsalında bütün Şəhidlərimizə Allahdan rəhmət diləyib və bildirib ki, şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub: “Bu gün şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır”.

Qeyd edək ki, Nazim Kirxlarov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.