Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Etibar Əliyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Suraxanı Rayon İcra Hakimiyyətinin Akt zalında keçirilən tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara xoş arzularını bildirib. Ə.Əzizov qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir: “Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, dövlətimizin başçısının bu amili dövlət siyasətinin prioritetləri sırasına daxil etməsindən xəbər verir. Respublikamızın hər yerində olduğu kimi, Suraxanı rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və bağçaların inşası və əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir”.

Daha sonra ölkə başçımız İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Suraxanı rayonunda təhsil müəssisələrinin yenidənqurmadan sonra açılış mərasimlərində iştirakları ilə bağlı videoçarx nümayiş olunub.

Sonra Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçisi pedaqoji sahədə səmərəli fəaliyyətlərinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.

Sonda təhsil işçiləri ilə xatirə şəkilləri çəkilib.