Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, şəhid ailələrinin, qazilərin, gənclərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə Ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.

Daha sonra “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda davam edən tədbir Dövlət Himninin səslənməsi, Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə Suraxanı RİH başçısı Əziz Əzizov çıxış edərək müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb: “Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də ilk dəfə dövlətimizdə Gənclər Forumunun keçirilməsi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bunun bariz nümunəsidir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verib. Dövlət gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır”.

Toplantıda bir qrup gənc 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rayonun ictimai həyatında fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə Rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.