Sosial şəbəkələrdə Sumqayıt şəhərində şəhid İlkin Xosrovzadənin xatirəsinə tikilmiş bulağın söküldüyünü iddia edən görüntülər yayılıb.

Görüntülərdə xatirə bulağının Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikili olması əsası ilə söküldüyü bildirilir.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev “Qafqazinfo”ya bildirib ki, müvafiq araşdırma aparılır: “Məsələ ilə bağlı bizə müraciət daxil olub, bundan xəbərimiz var. Bulaq Bakı-Sumqayıt magistralının kənarında tikilib. Sökülməsi və ya uçması ilə bağlı məlumatlar dəqiqləşdirilir. Müvafiq qurumlara məlumat verilib, araşdırma aparılır”.

Bildirək ki, şəhidin ailəsi Laçın rayonundan olan keçmiş məcburi köçkündür. Məsələ ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilməyib.

Qeyd edək ki, İlkin Xosrovzadə 1997-ci ildə Ağcabədi rayonunda anadan olub. Dövlət Sərhəd Xidmətində kiçik gizir kimi xidmət edib. Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

İ.Xosrovzadə oktyabrın 25-də Zəngilan döyüşləri zamanı şəhid olub. O, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, Ceyranbatan qəbristanlığında dəfn olunub. “Vətən uğrunda”, “Vətənə xidmətə görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Amin Nəzərli

İstinadlar Qafqazinfo